Neftin qiymətinin çoxillik maksimumları yeniləməsi dünya iqtisadiyyatına ikiqat zərbə vura bilər. Neftin 100 ABŞ dolları səviyyəsinə qədər bahalaşması qlobal artım perspektivlərini zəiflədəcək, inflyasiyanı isə sürətləndirəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" analitiklərin hesablamalarına əsasən yazır.
Hesablamalara görə, neftin orta qiymətinin 2021-ci ilin sonundakı 70 dollardan bu il 100 dollara yüksəlməsi ABŞ və Avropada inflyasiyanı daha 0,5% artıracaq. "JPMorgan Chase"in analitikləri güman edir ki, neftin qiymətinin rekord səviyyələrə çatması ümumiyyətlə qlobal ÜDM artımını dayandıracaq və dünya iqtisadiyyatına ressesiya yaşadacaq.
Qeyd edək ki, bu gün Londonun ICE birjasında "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2014-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çataraq 96,1 dollar təşkil edib. WTI markalı neft isə 94,9 dollara qədər bahalaşıb.
Xatırladaq ki, "Goldman Sachs Group" transmilli investisiya bankının proqnozlarına görə, bu ili III rübündə neftin orta qiyməti 100 dollara çatacaq. Digər transmilli investisiya bankın – "Bank of America Corporation"un proqnozuna görə isə, neftin qiyməti artıq bu ilin ortasında 120 dollara çata bilər.