Dünya bazarında neftin qiyməti son 2 ayda ən aşağı həddə düşüb.
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qonşu ölkələr olan Kanada və Meksikaya qarşı başladığı ticarət müharibəsi, eləcə də Çinə qarşı yeni tariflərin tətbiqi (idxal tarifi 10%-dən 20%-ə qaldırılıb) nəticəsində neftin qiyməti sürətlə ucuzlaşaraq 2025-ci ilin əvvəlindən ən aşağı həddə enib.
Belə ki, may müqavilələri üzrə «Brent» neftinin qiyməti 71 dollardan aşağı düşüb. Hazırda «Brent» neftinin bir barelinin qiyməti 70,74 dollar təşkil edir.
WTI neftinin qiyməti isə 68 dollardan aşağı düşərək 67,66 dollar olub.
Neftin ucuzlaşmasına OPEK təşkilatının neft hasilatını artırmaq barədə qərarı da təsir edib. Neftin ucuzlaşmasıilə qazın qiyməti də aşağı düşüb. Belə ki, 3 gün əvvəl 540 dollara yüksələn təbii qaz qiymətləri hazırda 1000 kubmetr üçün 490 dollara enib.