Avqustun 26-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.
FED.az xəbər verir ki, dövlət başçısı və xanımı Lahıc qəsəbəsinin sakinləri ilə görüşüb, sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. SOCAR-ın "Azəriqaz" İB tədbirləri nəticəsində bu göstərici artıq 93 faizə çatıb. İlin sonunadək isə göstəricinin 95 faizə çatdırılması nəzərdə tutulub.
Hazırda “Azəriqaz"ın əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan Lahıc qəsəbəsini qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Lahıc qəsəbəsi və ətraf dörd kənd - Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb. Bu mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Lahıc qəsəbəsinin inkişafında ciddi rol oynayacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırıblar.
Dövlət başçısı və birinci xanım Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lahıc qəsəbəsində inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim-xalçaçı, papaqçı, tikmə-əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxdılar, sənətkarlarla söhbət etdilər.