Norveçin “Equinor” şirkəti noyabrın 29-da “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətindəki iştirak payının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” şirkətinə satışı üzrə sövdələşmələri bitirib.
9 şirkət Azərbaycan neftilə bağlı sənəd imzaladı - 2049-cu ilədək qüvvədə olacaq
FED.az xəbər verir ki, bu barədə “Equinor” şirkətinin özünün açıqlamasında bildirilir.
Şirkətdən xatırladılıb ki, iyulun 19-da SOCAR və “ONGC Videsh Limited” ilə AÇG və BTC-dəki aktivlərinə görə yenilənmiş alqı-satqı müqaviləsi imzalanıb. “Equinor”un AÇG layihəsindəki 7,27 %-lik payının 6,655 %-ni SOCAR, 0,615 %-ni isə “ONGC Videsh Limited” alıb. Norveç şirkətinin BTC-dəki 8,71 %-lik səhmlərinin 7,96 %-ni SOCAR, 0,75 %-ni isə “ONGC Videsh Limited” əldə edib.
“Alqı-satqı müqaviləsi üzrə əməliyyat noyabrın 29-da yekunlaşıb. Əməliyyatın ümumi dəyəri 720 milyon ABŞ dolları təşkil edib”, - məlumatda deyilir.
“ONGC Videsh Limited” şirkətindən isə, öz növbəsində, “Equinor”un AÇG və BTC-dəki səhmlərinin bir hissəsini almaq üçün təxminən 60 milyon ABŞ dolları investisiya ayrıldığı bildirilib.
Xatırladaq ki, 2023-cü il dekabrın 22-də “Equinor” SOCAR ilə Azərbaycandakı aktivlərinin Dövlət Neft Şirkətinə satışına dair müqavilə bağlayıb. O cümlədən “Equinor” SOCAR-a AÇG blokunun və BTC neft kəmərinin işlənməsi layihələrində iştirak paylarını və “Qarabağ” yatağının işlənməsi layihəsindəki 50 % payını satıb. “Qarabağ” layihəsində iştirak payının satışı üzrə sövdələşmə bu ilin aprelində başa çatdırılıb.
2024-cü ilin iyulunda Norveç şirkəti SOCAR və “ONGC Videsh Limited” ilə AÇG və BTC-dəki paylarının satışına dair artıq dəyişdirilmiş və yekun müqavilə imzalayıb.
“Azəri”, “Çıraq” və “Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun etibarlılıq müddəti 2024-cü ildə başa çatırdı, 2017-ci ilin sentyabrında müddəti 2050-ci ilə qədər olan yeni saziş imzalanıb.
Bu son əməliyyatı nəzərə alsaq, tərəflərin layihədə payları belədir: SOCAR - 31,655 %, “BP plc” - 30,37 %, MOL - 9,57 %, “Inpex Corp.” - 9,31 %, “ExxonMobil” - 6,79 %, TPAO - 5,73 %, “ITOCHU Oil” - 3,65 %, “ONGC Videsh Limited” - 2,925 %.
“BTC Co”nun səhmdarları isə bunlardır: SOCAR - 32,96 %, “BP plc” - 30,1 %, MOL - 8,9 %, TPAO - 6,53 %, “Eni” – 5 %, “TotalEnergies” – 5 %, “Itochu” - 3,4 %, “ONGC Videsh Limited” - 3,11 %, “ExxonMobil” – 2,5 %, “Inpex” – 2,5 %. (Report)