Bu ilin ilk 10 ayında Azərbaycandan 64,5 milyon dollar həcmində 1 milyard 128 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 29 milyon dollar və ya 31%, miqdar ifadəsilə isə 605 milyon kVt/saat, başqa sözlə 34,9% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 93,6 milyon dollar dəyərində 1 milyard 733 milyon kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 9,7 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9,2 qəpik idi. Bu da illik müqayisədə 0,5 qəpik və ya 5,4% bahalaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,30%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,16%-i elektrik enerjisinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,41% və 3,33% olmuşdu.










