Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb.
FED.az xəbər verir ki, ucuzlaşmaya səbəb investorların tələbatın aşağı düşməsi fonunda bazardakı neft bolluğundan ehtiyat etməsidir.
Nəticədə bu gün Londonun ICE birjasında Brent nefti daha $0,76 (1,11%) ucuzlaşaraq 68 dollara enib. Avtomatik olaraq WTI nefti də ucuzlaşıb – NYMEX birjasındakı sentyabr müqavilələrində bu neftin qiyməti $0,73 (1,1%) ucuzlaşaraq 65,56 dollara enib. Yeri gəlmişkən, Brent neftinin 68 dollarlıq qiyməti də möhkəm deyil, bu gün hərracların gedişində Brent nefti 67,68 dollara da enib.
Ucuzlaşmaya səbəb bazardakı investorların neftə tələbatın azalmasından narahat olmasıdır, eləcə də neftin təklifinin artması, o cümlədən OPEK ölkələrinin hasilatı artıracaqları barədə bəyanatlar da neftin qiymətini aşağı salıb.
Neft bazarını Azərbaycanda da diqqətlə izləyirlər, ölkənin ixracının, eləcə də büdcə gəlirlərinin yarıdan çoxu neftin hesabınadır. Adətən Azərbaycan nefti birjalarda Brent neftindən 3-4 dollar baha olur. Məsələn, ötən günün ticarət yekunlarına görə, «Azeri Light» markalı neftin qiyməti 70,59 dollar olub.
Xatırladaq ki, dövlət büdcəsinin gəlirləri hesablananda neftin qiyməti 70 dollardan götürülüb.