BP şirkəti Azərbaycanda yeni və “Şahdəniz” qədər böyük qaz yatağı tapmaq üzrə olduğunu hesab edir. FED.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bu günlərdə “Bloomberg”ə açıqlamasında məlumat verib. Qari Consun sözlərinə görə, Britaniyanın neft nəhəngi 2020-ci ilədək ölkədə altı yeni kəşfiyyat quyusu qazmağı planlaşdırır. Əgər onun gözləntiləri qarşılansa, şirkət Xəzər dənizində yanacaq hasil olunan “Şahdəniz” layihəsi ölçüsündə yeni qaz yatağı tapmalıdır: “”Azərbaycan gələn bir neçə il ərzində Braziliya ilə birlikdə bizim diqqət mərkəzimizdə olacaq. Bu, bizim üçün çox mühüm kəşf proqramıdır".
Məqalədə yazılana görə, BP də daxil olmaqla bir çox şirkətlər neftə çıxışı olmayan avropalı alıcılara çox yaxın nəhəng kəşf edilməmiş qaz anbarlarının olduğu Avrasiya regionuna sərmayə yatırır. İyun ayında BP və “Kukoil” PJSC, eləcə də “Petronas” Xəzər dənizi ilə Türkiyə arasındakı yeni boru kəməri vasitəsilə Şahdənizin ikinci fazasından qaz nəql etməyə başlayıb. 2020-ci ildə boru kəmər sisteminin son hissəsinin tikintisi başa çatandan sonra bu qaz Yunanıstan, Bolqarıstan və İtaliyaya da nəql edilməyə başlayacaq: “Əgər BP yaxınlıqdakı kəşfiyyat quyularında daha çox qaz tapsa, yanacağı Avropaya nəql etmək üçün həmin boru kəmərlərindən istifadə edə bilər”.
Eləcə də bax: TAP kəmərinin istifadəyə veriləcəyi vaxt - AÇIQLANDI
Məqalədə bildirilir ki, BP “Şahdəniz-2" ilə eyni əraziyə sahib ”Şəfəq-Asiman" ərazisini hədəf alır. Qazma işləri bu ilin axırına planlaşdırılıb. Bundan əlavə, BP digər iki ərazidə də neft inkişafını nəzərdən keçirir.
Q.Consun sözlərinə görə, BP hazırda diqqətini böyük həcmdə qaz ehtiyatlarının olduğu ehtimal edilən “Şəfəq-Asiman” perspektiv strukturuna yönəldib. O deyib ki, 2019-cu ildə Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır.
Qeyd edək ki, “Şəfəq-Asiman” blokunun geoloji-kəşfiyyatı və işlənməsinə dair hasilatın pay bölgüsü sazişi SOCAR və bp arasında 2010-cu ildə imzalanıb. Ondan əvvəl isə “Şəfəq-Asiman” dəniz bloku üzrə sazişin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin əsas prinsipləri” adlı sənəd razılaşdırılmış və imzalanmışdı. Sazişin müddəti 30 ildir və sazişə əsasən BP şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya və SOCAR isə qalan 50 faiz paya malikdir.
“Şəfəq-Asiman” bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir. Ərazisi təxminən 1100 kvadrat kilometrdir. Bu blokda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir. 2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırıb. 2014-cü ilin birinci yarısında tədqiqat zamanı əldə olunan məlumatların təhlili tamamlanıb və onun interpretasiyasına başlanılıb. Blokda ilk kəşfiyyat quyusunun bu il qazılması nəzərdə tutulur.
Neft sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın dediyinə görə, “Şəfəq-Asiman” blokunun ehtiyatlarına ümidlər böyükdür: “Bu barədə bir geoloq kimi Xoşbəxt Yusifzadə də dəfələrlə fikir səsləndirib. Eyni zamanda BP-dən də açıqlamalar verilib. Belə bəyanatların əsas səbəbi geoloji kəşfiyyat zamanı əldə olunan nəticələrdir. Belə ki, qayda belədir ki, geoloji kəşfiyyat işləri zamanı ehtiyatların mövcudluğuna dair məlumatlar 15 faiz təşkil etdikdə qazma işlərinə başlamaq üçün əsas sayılır. Bu o deməkdir ki, qazılacaq 6 kəşfiyyat quyusundan biri özünü doğruldarsa, kəşfiyyata çəkilən xərclər itməmiş hesab olunur. ”Şəfəq-Asiman"da bu göstərici 25-30 faizdir. Buna görə də orada yeni və böyük ehtiyatların olduğuna inam böyükdür".
Ekspertin sözlərinə görə, “Şəfəq-Asiman” ən dərində yerləşən strukturdur: “Əgər 550 metr dərinlikdə ”Şahdəniz" və “Abşeron”dursa, “Şəfəq-Asiman”da dərinlik 600-700 metrdir. Məhsuldar lay qatları 6500-7000 metr dərinlikdə gözlənilir. Orada qazma işlərini aparmaq üçün 7000 metr dərinlikdə qazmaq imkanı olan qurğuya ehtiyac vardı. Ötən il belə bir qurğu - 6 D Heydər Əliyev adına üzən qazma qurğusu istifadəyə verildi. SOCAR-a məxsusdur bu qurğu. “Şəfəq-Asiman” ölçüsünə görə də “Şahdəniz”dən böyükdür".
İ.Şaban bildirir ki, kəfiyyat quyuları müsbət nəticə verərsə, “Şəfəq-Asiman”da hasilata 2027-28-ci illərdə başlamaq mümkündür. Blokdan hasil olunacaq qazı bazarlara daşıyacaq kəmər infrastrukturu da hazırdır: “Cənubi Qafqaz qaz dəhlizinin ötürücülük gücü 31 milyard kubmetrdir. Şərt deyil ki, qazı aparıb Avropada sataq. SOCAR Türkiyədə ikinci böyük neft-kimya kompleksini tikməyə başlayır. Onun 2025-ci illərə hazır olacağı gözlənilir. Bu müəssisələri qazla təmin etmək lazımdır”.