Aytən Ağalarova bp şirkətinin Gürcüstan üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
Eləcə də bax: "BP Azərbaycan" şirkətinin regional rəhbər heyətində - Son Təyinatlar
FED.az xəbər verir ki, bp-dən verilən məlumata görə, bu vəzifədə Aytən bp-nin Gürcüstandakı baş nümayəndəsidir və bp-nin ölkədəki bütün biznes bölümləri adından hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə bp-nin strategiyasının həyata keçirilməsinə dəstək verir.
Aytən bu vəzifədə Lightsource bp şirkətinə əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmuş Ann Deyvisi əvəz etmişdir.
Aytənin neft-qaz sənayesində 20 il iş təcrübəsi var. bp şirkətində işlədiyi 15 il ərzində o, qlobal əməliyyatlar, quyular və layihələr təşkilatlarına dəstək verməklə müxtəlif maliyyə, kommersiya, təchizat zənciri üzrə rəhbər vəzifələrdə çalışmışdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl, Aytən AGT regionu üzrə prezidentin icra aparatının rəhbəri olmuşdur.
Aytən neft mühəndisliyi və neft hüququ üzrə dərəcələrə, həmçinin “Warwick” Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.
Bundan başqa, şirkətdə son zamanlar baş verən struktur dəyişikliklər nəticəsində yerli vitse-prezidentlərin bəziləri indi daha geniş vəzifələr tutaraq bir neçə regiona cavabdehdirlər, bəzilərinə isə region daxilində daha yüksək vəzifə öhdəlikləri verilmişdir.
DAHA BİR AZƏRBAYCANLI XANIMA YÜKSƏK VƏZİFƏ VERİB
Elnarə Məmmədova isə Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu və Rusiyada insanlar və korporativ mədəniyyət (əvvəllər insan resursları adlanırdı) üzrə vitse-prezident vəzifəsinə təyin edilib.
Bu vəzifədə Elnarə bp-nin London ofisində təminat sistemləri, strategiya və dayanıqlı inkişaf, regionlar, şəhərlər və həll yolları üzrə baş vitse-prezident vəzifəsinə təyin olunmuş Nərminə Nəbiyevanı əvəz etmişdir.
Elnarənin sənaye, insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 20 ildən artıq peşəkar təcrübəsi var. O, insan resursları, mütəxəssis və biznes tərəfdaşlıq qruplarında bir sıra rəhbər vəzifələrdə çalışmış və ən son olaraq AGT regionunda qlobal əməliyyatlar təşkilatı üçün insan resursları üzrə menecer vəzifəsində işləmişdir.
Elnarənin Nottinqhem Trent Universitetindən bakalavr dərəcəsi və Azərbaycan Dillər Universitetindən magistr dərəcəsi var. O, həmçinin Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (Chartered Institute of Personnel and Development – “CİPD”) üzvüdür. (Marja)