Azərbaycandan bu ilin yanvar-avqust aylarında Hindistana cəmi 1 747 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Hindistana ixrac edilmiş neftin dəyəri isə cəmi 782 min dollar olub.
Son bir il ərzində ixracın həcmində 1 milyon 28 min ton (589 dəfə), dəyərində isə 646 milyon dollar (828 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Hindistana 646,8 milyon dollar dəyərində 1 milyon 30 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Hindistana ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 761 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 306 manat (28,7%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1067 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Hindistan 2025-ci ildə 19-cu, 2024-cü ildə isə 4-cü yerdə olub.