Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma işləri və ölkədə “Avro-5” standartına uyğun yanacaq istehsalına keçidlə bağlı vəziyyəti açıqlayıb.
Şirkətdən bildirilib ki, Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində görülən işlər o qədər böyükdür ki, bu işin həcmi yeni tikilmiş “SOCAR Polymer” kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur.
Xatırladaq ki, 2018-ci ilin sonunda istehsal gücü illik 400 min ton olan yeni bitum qurğusu və yeni maye-qaz (LPG) doldurma məntəqəsi istismara qəbul edilib. Hazırkı mərhələdə 12 yeni qurğu inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri görüləcək. Bu isə zavoddakı qurğuların 65 faizinin yeni qurğularla əvəzlənməsi deməkdir.
SOCAR-dan bildirilib ki, 2020-ci ildə COVID-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olub və iş qrafiki dəyişdirilməli olub.
Zavodda “Avro-5” benzin istehsalı üçün 3 yeni qurğu inşa edilməlidir. Bunlar (1) amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), (2) LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), və (3) benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularıdır. “Avro-5” keyfiyyətinə cavab verən benzinin istehsalı üçün bu qurğuların inşası zəruridir.
Yeni qrafikə əsasən, NEZ-də “Avro-5” tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro-5” standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də “Ai-92” və “Ai-95” markalı benzin istehsal olunacaq.