“Azərsu” ASC-nin 2018-ci ilin sonlarından istifadəyə verdiyi “Borcun araşdırması üzrə müraciəti”nin facebook və teleqram şəbəkələri üzərindən aparılmasına başlanıb.
Qurumdan FED,az-a verilən məlumata görə, indiyədək bu xidmətdən istifadə www.e-gov.az portalına keçid almaqla aparılırdı. Bundan sonra abonentlər portalla yanaşı, www.azersu.az saytında yerləşdirilmiş Facebook (AZERSU OJSC) və Teleqram şəbəkələrinə qoşulmaqla xidmətdən yararlana bilərlər.
Müraciətin qeydiyyata alınması üçün tələb olunan məlumatlar sistemə elektron formada daxil edilməlidir.
Müraciət qeydiyyata alındıqdan sonra Cəmiyyətin müvafiq struktur vahidinə icraya yönləndirilir. Daxil olan müraciətə aidiyyəti üzrə baxılaraq araşdırılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Təqdim olunmuş məlumatlar uyğun olmadıqda isə abonentlə əks-əlaqə yaradılır.
Araşdırma nəticəsində sayğac göstəricilərinin yerində yoxlanılmasına ehtiyac yarandıqda sayğaca baxış keçirilməklə dəqiqləşdirilmə aparılır. Yoxlamanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu” ASC-də ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya göndərilir və müvafiq əməliyyatlardan sonra abonentin borcunda dürüstləşmələr aparılır. Komissiya tərəfindən müraciətin icrasından imtina edildikdə abonent səbəbi qeyd edilməklə məlumatlandırılır. Müraciətin nəticəsi haqda məlumat abonentin elektron poçt ünvanına, SMS vasitəsilə mobil telefonuna və Telegram səhifəsinə göndərilir.
Qeyd edək ki, cari ilin may ayından "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidməti də istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə bilirlər. Bunun üçün abonentlər Cəmiyyətin facebook səhifəsinə daxil olub məlumatları təqdim edirlər. Bundan sonra bu xidmət həm də Teleqram şəbəkəsi vasitəsilə də aparılacaq.
Tətbiq olunan yeni xidmətlərdən istifadə ilə bağlı təlimatlar videoçarx şəklində “Azərsu” ASC-nin facebook səhifəsində yerləşdirilib.
https://www.facebook.com/306749046155031/videos/2424642757839861
https://www.facebook.com/306749046155031/videos/1436189613245043
https://www.facebook.com/306749046155031/videos/1185573718501486