Ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən "Havanı kim çirkləndirir?" aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Binəqədi rayonunda fəaliyyət göstərən "Cratos Hall" restoranından atmosferə tullantı atıldığı faktı təsdiqini tapıb.
İmişlidə qum-çınqıl çıxaranlara qarşı – CİNAYƏT İŞİ AÇILIB
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev FED.az-a bildirib ki, aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən obyektdə təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Yaşar Qasımov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimələnib. Restorandakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün Y.Qasımova məcburi göstəriş verilib”.
Xatırladaq ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas məqsədi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.