Azərkosmos və Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə media nümayəndələri üçün “İqlim dəyişikliyi və kosmos” mövzusunda görüş keçirilib.
"Azərkosmos": "Azərbaycan şiddətli quraqlıq riskinə görə dünyada 18-ci yerdədir"
Milli Mətbuat Günü ərəfəsində keçirilən görüşün məqsədi media nümayəndələrini kosmik texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədə necə istifadə olunmasına dair maarifləndirmək olub.
Açılış nitqi ilə çıxış edən Azərkosmosun İdarə Heyəti sədrinin müavini Dunay Bədirxanov kosmos sahəsində ölkəmizin fəaliyyətinin ictimaiyyətə çatdırılmasında medianın xüsusi rol oynadığını bildirib.
Dunay Bədirxanov ötən il ölkəmizdə keçirilən Beynəlxalq Astronavtika Konqresi haqqında ictimaiyyət arasında geniş məlumatlılığın təmin olunmasında media nümayəndələrinin effektiv fəaliyyətindən bəhs edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev milli mətbuatın keçdiyi tarixi inkişaf mərhələləri və Azərbaycanın inkişafında medianın rolundan danışıb.
Tədbirdə Azərkosmosun Coğrafi informasiya sistemləri tematik emal bölməsinin rəhbəri Murad Camalov media nümayəndələri üçün kosmosun günümüzün aktual məsələsi olan iqlim dəyişikliyi istiqamətindəki roluna dair təlim keçib.
Təlim peyk təsvirlərinin əldə edilmə prosesi, bu prosesdə tətbiq olunan həllər, kosmik texnologiyaların bizə verdiyi imkanlar və iqlim dəyişikliyinə necə uyğunlaşa biləcəyimiz haqqında mövzuları əhatə edib.
Tədbirdə, həmçinin “Azersky” peykindən əldə edilmiş təsvirlərdən ibarət sərgi nümayiş etdirilib.