Biləcəri-Yalama dəmir yolu sahəsində elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması layihəsinin ümumi dəyəri 447,88 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
FED.az xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) layihəyə 350 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi təmin edəcək.
Layihənin icraçı və həyata keçirən orqanın funksiyaları "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə həvalə edilib. Layihənin icrasının başa çatdırılması 31 dekabr 2030-cu il tarixinə planlaşdırılır. Satınalma planı 18 ay üçün nəzərdə tutulub.
Layihə çərçivəsində vəsaitlərin əsas hissəsi - 302 milyon ABŞ dolları - elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya ilə bağlı tikinti-quraşdırma və layihələndirmə işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, xərclər strukturuna tikintinin gedişatına nəzarət üzrə məsləhətçi xidmətləri üçün 10 milyon ABŞ dolları, layihənin icra qrupuna (PIU) fərdi mütəxəssislər cəlb edilməsi üçün 3,4 milyon ABŞ dolları, layihənin idarə edilməsi üzrə məsləhət xidmətləri (PMC) üçün 2,5 milyon dollar, müstəqil təhlükəsizlik validasiyası xidmətləri üçün 750 min ABŞ dolları, layihənin auditinin keçirilməsi üçün 100 min ABŞ dolları, eləcə də layihənin icra qrupu üçün avadanlıq, mebel, avtonəqliyyat və maliyyə uçotu proqram təminatının (1C) alınması üçün 207 min ABŞ dolları daxildir.
Layihənin maliyyələşdirilməsinin ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökumətinin birgə səyləri ilə həyata keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları investisiya yatırıb ki, bunun da 4,4 milyard ABŞ dolları dövlət sektoruna, 1,2 milyard ABŞ dolları isə özəl sektora yönəldilib. Əsas maliyyələşmə istiqamətləri energetika (1,7 milyard ABŞ dolları) və nəqliyyatdır (1,5 milyard ABŞ dolları).
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər vəsait təqdim etməyi planlaşdırır.
ADB 1966-cı ildə yaradılıb. Bankın mənzil-qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni, o cümlədən Asiya-Sakit okean regionunun 50 dövlətini birləşdirir. (Report)













