Azərbaycan Biznesinin İnkişafı Fondu müxtəlif layihələrdə payçı qismində iştirak edərək şirkətlərə yatırımları davam etdirir.
FED,az xəbər verir ki, bu tendensiyanın davam etməsi fonunda Fondun payçı olaraq üstünlük verdiyi layihələr, layihələrdə payçılığının müddəti, payların gələcəkdə satılması və s. məsələlər maraq doğurur. Fond yatırım üçsün layihələri necə seçir, payçı qismində iştirak nə qədər müddətdə olur? Fond öz payını nə vaxt və kimə sata bilər?
Bu sualları aydınlaşdırmaq üçün FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Murad Abdullayevdən müsahibə alıb.
- Murad müəllim, son zamanlar Biznesin İnkişafı Fondu bəzi şirkətlərdə payçı qismində iştirak etməklə bağlı aktivlik göstərir. Bilmək istərdik, payçı qismində iştirak etdiyiniz layihələrdə payçılıq nə vaxta qədər davam edir? Sonradan bu payın satılması mümkündürmü?
- Təbii ki, bizim layihələrdə iştirakımız müddətlidir. Dövlət şirkəti olaraq əsas məqsədimiz odur ki, layihələrə şirkətlərin inkişaf mərhələsi stabilliyə çatana qədər dəstək göstərək. Adətən bu, tərəfdaşla danışığımızdan asılı olaraq, layihənin maliyyə göstəricisindən asılı olaraq bəlli bir müddət ərzində dəyişir. 5, 7, 10 ilə qədər müddətdə layihədə tərəfdaşlığımız davam eləyə bilər.
- Həmin müddət tamam olandan sonra Fondun payı şirkətin digər payçılarına satılır, yoxsa digər investorlar da Fondun payını ala bilər?
- Bu, layihə tərəfdaşı-strateji tərəfdaşımızla bağladığımız müqavilənin şərtlərindən asılıdır. İlk növbədə biz pay satışımızı strateji investora, həmin layihədə olan tərəfdaşımıza təklif eləyirik. Eyni zamanda paralel olaraq digər şirkət də əgər strateji tərəfdaş kimi maraqlıdırsa, cəlb eləyib öz payımızı kənar bir şirkətə də sata bilərik.
- Murad müəllim, əsasən hansı sahədə fəaliyyət göstərən şirkətlərdə payçı kimi iştirak edirsiniz? Bu sahədə Fondun prioritet istiqamətləri hansılardır?
- Əsas prioritet bizim qeyri-neft sənayesində, qeyri-neft sektorunda olan layihələrdir. Yəni burda məhdudiyyətimiz yoxdur. Yeter ki, layihə təbii ki, kommersiya cəhətdən bizim üçün cəledici olsun, idxalı əvəzləmə qabiliyyəti olsun, ixrac potensialı olsun, yeni texnologiyanı cəlb eləsin, yeni iş yerləri yarada bilsin.
Yəni təkcə maliyyə tərəfindən biz fikirləşmirik, bunun iqtisadi töhfəsinə də biz baxırıq. Bu dediyim kriteriyalar hamısı vahid bir vəhdətdə bizim qərar verməyimizə dəstək verir.
- Biznesin İnkişafı Fondu hansı sektora yatırım etməyə daha çox maraqlıdır?
- Bizim belə bir bölgümüz yoxdur. Təbii ki, biz ümumi investisiyalarımızı çalışırıq ki, balanslı qoruyaq, diversifikasiya olunmuş bir portfel formalaşdıraq. Ama ümumi olaraq ölkənin qeyri-neft sənayesində, qeyri-neft sektorunda olan istənilən layihədə iştirak etmək bizim üçün maraqlıdır və dəstək göstərməyə hazırıq.
- Bizim başlıca fəaliyyət maraqlarımızın dairəsindən biri də ölkəyə birbaşa xarici investisiya cəlb eləməkdir və portfelimizdə olan layihələrin bir çoxunu da xarici tərəfdaşlarımızla birgə icra eləyirik. Ən son cənab Prezidentin iştirakı ilə açılışı olan dərman zavodunda Türkiyədən olan investorlarla, iş adamları ilə bərabər o imzalandı. Və portfelimizdə bir sıra layihələr var ki, biz xarici tərəfdaşlarla hazırda aktiv şəkildə işləyirik, yeni-yeni layihələri onlarınla bərabər çalışırıq. Yəni hədəfimizin biri odur ki, yəni ölkəyə bacardığımız qədər xarici investisiya cəlb eləyək.
- Murad müəllim, indiyə kimi ən çox hansı şirkətlərə və ya layihəyə yatırım eləmisiniz? Və həmin layihələrə nə qədər yatırım edilib?
- Məbləğləri indi mən burda konkret rəqəm səsləndirə bilmərəm, ama dediyim kimi, portfelimiz çox şaxəlidir. Burda bizdə əczaçılıq sektorunda dərmanlarımız var, emal sektorunda layihələrimiz var, kənd təsərrüfatında layihələrimiz var, maşınqayırma, ağır sənayədə layihələrimiz var, yaşıl enerjidə layihələrimiz var və sonuncu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda açılışı olduğu Su Elektrik Stansiyasını nümunə çəkə bilərəm yaşıl elektrik stansiyası layihəsidir. BP və SOCAR-la birgə əməkdaşlığımız olan "Şəfəq" layihəsində biz büyük məmnuniyyətlə iştirak eləyirik. Dediyim kimi, yəni portfelimiz çox genişdir və yeni-yeni layihələr üzərində çalışırıq ki, daha da ölkəyə, belə deyək də, həm xarici investisiya cəlb eləyək, həm ölkə iqtisadiyyatına töhfə verək.
- Fondun şirkətlərdə payçı kimi iştirakı üçün 2026-2027-ci ildə nə qədər büdcə nəzərdə tutulub?
- Biz buna adətən büdcə ayrılması kimi yox, gələn layihələrin sifarişi kimi baxırıq. Biz, bildiyiniz kimi, birbaşa olaraq büdcədən maliyyələşmirik. Öz daxili resurslarımız hesabına layihələri maliyyələşdiririk və o baxımdan daxili resurslarımız hansı məbləğdə imkan verirsə, həmin layihələrdə iştirakımızı ona uyğunlaşdırırıq.
- Murad müəllim, ümumiyyətlə sizin payçı olduğunuz layihələrdə, yəni yatırımlarla bağlı bir limit var? Minimum, maksimum nə qədər yatırım eləyə bilərsiniz?
- Təbii ki, resurslarımızdan asılı olaraq biz maksimum limit təyin eləyirik. Bu dəyişən bir limitdir, dediyim kimi, illər üzrə dəyişir. Minimum limitimiz də var. Biz bilirsiniz ki, kiçik sahibkarlıq layihələri maarifləndiyimizə görə kiçik məbləğdə layihələri biz kredit məhsullarımıza yönəldirik. Çünki investisiya layihələri daha resurs tutumlu layihələrdir, daha bahalı layihələr olduğuna görə biz çalışırıq ki, müəyyən bir məbləğdən aşağı layihələri kredit məhsullarımıza yönəldək. Digər layihələri isə, böyük investisiya tutumlu layihələri isə kapital payı vasitəsilə maliyyələşdirək.
- Murad müəllim, bildiyimiz kimi, banklar da öz vəsaitləri hesabına biznes krediti ayırırlar. Burada faizlər minimum 12-13%-dən başlayır, ama sizin ayırdığınız kreditdə 5%-dən başlayır. Ümumiyyətlə, bu KOB subyektlərinin, sahibkarın hansına çıxışı daha asandır, bankın kreditlərinə, yoxsa sizin kreditlərinizə?
- Burada Fond tərəfindən heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq dediyim kimi, bankın yanaşmasından asılıdır, sahibkarın nə dərəcədə bankın tələblərinə cavab verməsindən asılıdır. Yəni birmənalı olaraq cavab yoxdur buna. Layihənin hazırlıq səviyyəsi var. Sahibkarın maliyyə hesabatlılığı da burada çox önəmli faktor daşıyır. Ola bilər ki, sahibkar yaxşı pul qazanır, ama bunu rəqəmlərdə, sənədlərdə sübut eləyə bilmir. Yəni ona görə də belə deyək də, əgər onu sübut eləyə bilmirsə, çıxışı əlbəttə ki, bunun məhdudlaşar. Yox əgər daha belə maliyyə savadlılığı olarsa, korporativ yanaşması olarsa, təbii ki, maliyyə resurslarına çıxışı daha asandır.
- Murad müəllim, müsahibəyə görə təşəkkür edirik.














