10 oktyabr 2026-cı il tarixində ADA Universitetində “UAFA uşaqlara dəstək” təşkilatı tərəfindən qadın sahibkarlığının inkişafına və erkən təhsil sahəsində sosial təsirin gücləndirilməsinə həsr olunmuş “Məktəbim Growth Lab: Sosial Təsirin Geri Dönüşü” tədbiri keçirilib. Tədbir erkən təhsil sahəsində fəaliyyət göstərən qadın sahibkarları, mütəxəssisləri və tərəfdaşları bir araya gətirib.
FED.az xəbər verir ki, tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) “Regional” Bank Olmayan Kredit Təşkilatı MMC-nin əməkdaşları tərəfindən təmsil olunub. Tədbir çərçivəsində qadın sahibkarlığının dəstəklənməsi, maliyyə əlçatanlığının artırılması və sosial təsir yaradan biznes modellərinin inkişafı məsələləri diqqət mərkəzində olub. İştirakçılar erkən təhsil sahəsində fəaliyyət göstərən qadın sahibkarların təcrübələri, əldə etdikləri nəticələr və gələcək inkişaf imkanları ətrafında fikir mübadiləsi aparıblar.
“Regional” BOKT qadınların iqtisadi fəallığının artırılmasını, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsini və bərabər imkanların təşviqini davamlı iqtisadi və sosial inkişafın mühüm istiqamətləri hesab edir və bununla bağlı qadın sahibkarlara çeşidli xidmətlər təqdim edir. Təşkilatın bu tədbirdə iştirakı maliyyə sektorunda əməkdaşlığın gücləndirilməsi, sosial məsuliyyət prinsiplərinin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.













