Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.
Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.
Sərəncamda deyilir ki, Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilib.
27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə yeksan edilib.
Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.