2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində qüdrətli Azərbaycan dövləti 30 illik həsrətə son qoydu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuz düşmən işğalında qalan Qarabağı azad etdi.
Döyüş meydanında vuruşmaqda aciz qalan düşmən əsgərlərindən fərqli olaraq, Azərbaycanın mərd oğulları son ana qədər vuruşmaqdan çəkinmədi, döyüş meydanını tərk etmədi.
Onların bir hissəsi şəhidlik məqamına yüksəldi, bir hissəsi qazi oldu. Müharibə bitdikdən sonra məhz dövlət igidlərini, dar günündə yanında olan oğullarını unutmadı. Bütün müharibə iştirakçıları dövlətin diqqət və qayğısı ilə əhatə olundular.
Bu tədbirlərin davamı olaraq yanvar ayının 7-də Tovuz Şəhəri Nizami adına Mədəniyyət Evində 863 nəfər tovuzlu Vətən müharibəsi iştirakçısına “Müharibə veteranı” vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Tovuz RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Oruc Məmmədov, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir açıq elan olunub.
RİH başçısı aparatının şöbə müdiri Oruc Məmmədov çıxış edərək Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini vurğulayıb, Ali Baş Komandan İlham Əliyev tərəfindən müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıdan bəhs edib, təqdim olunan medalların həmin diqqət və qayğının təzahürü olduğunu bildirib.
Daha sonra müharibə iştirakçılarına müharibə veteranı vəsiqələri və medallarının verilməsinə başlanılıb.
Qeyd edək ki, tədbirdə FED.az saytının əməkdaşı Cəfərov Zaur Fərmayıl oğluna da müharibə veteranı vəsiqəsi və medalı təqdim olunub.
Qeyd edək ki, Zaur Cəfərov Quru Qoşunlarında xidmət edib. 2-ci Qarabağ müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Nazirlər Kabinetinin sərəncamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilib.
FED.az-ın kollektivi olaraq Vətənin qəhrəman oğlu Zaur Cəfərovu və ailəsini təbrik edir, ona uğurlar arzulayırıq!