Nazirlər Kabineti bəzi dövlət qurumlarında publik hüquqi şəxslərin rəhbər və rəhbər müavinin əmək haqlarının məbləği ilə bağı qərar qəbul edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirlər Kabineti 5 noyabr 2026-cı il tarixində «Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında» qərar qəbul edib.
Qərara əsasən dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbərinin aylıq vəzifə maaşı 3600 manat, rəhbərin müavininin aylıq vəzifə maaşı 3115 manat məbləğində müəyyən edilib.
Eyni zamanda qərarda bildirilir ki, haqqında söhbət gedən rəhbər işçilərin aylıq əməkhaqlarının məbləği təkcə bu qərarda göstərilən məbləğdən ibarət deyil. Əmək haqlarının məbləği həm bu hissədə göstərilən aylıq vəzifə maaşından həm də normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər ödənişlərdən ibarətdir.
Xatırladaq ki, bu qərar “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2026-cı il 19 mart tarixli 629 nömrəli Fərmanının 2.1.2.1-ci abzasının icrasını təmin etmək məqsədilə qəbul edilib.













