Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ilkin hesabatı dinlənilib
FED.az xəbər verir ki, iyunun 25-də Azərbaycan Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.
Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə Baş nazirə məruzə etdi.
Bildirildi ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.
Vurğulandı ki, eyni zamanda, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq və atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur.
İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edildi.
Baş nazir sakinlərin sağlamlığının və ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verdi.
Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.