Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 14-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında Fərman imzalayıb.
Eləcə də bax: Şəhid ailələri və yaralılarla bağlı fond yaradıldı - FƏRMAN
FED.az xəbər verir ki, Fərmanda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində yaralanan şəxslərin vəşəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsində vətəndaş cəmiyyəti təşəbbüslərinin və bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu(bundan sonra – Fond) yaradılsın.
2. “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanmış hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılır;
3.2. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır;
3.3. Fondun vəsaitinin sərəncamçısı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (bundan sonra –Nazirlik).
4. Nazirlik:
4.1. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmasını, həmin şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin onların sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını təmin etsin;
4.2. fiziki və hüquqi şəxslərin Fonda könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin;
4.3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın;
4.4. Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin;
4.5. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin;
4.6. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik vəillik hesabatları, habelə digər zəruri məlumatları aidiyyəti üzrə təqdim etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.