Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı yeni qərar qəbul edib.
FED.az xəbər verir ki, hökumət bu qərarı Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Dövlət Sərhəd Xidməti, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edib.
Qərara əsasən Səfərbərlik Xidməti əməkdaşlarına və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək.
Bu qərar Səfərbərlik Xidmətinin pensiyaya çıxmış əməkdaşlarına da şamil ediləcək. Qərara əsasən Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Dövlət Sərhəd Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.
Yeni qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.