Ermənistan Parlamentinin deputatları ikinci dəfə baş nazirin seçilməsi zərurəti yarandıqda qanunverici orqanın buraxılmasına mane olmağı nəzərdə tutan qanun layihəsini qəbul ediblər.
FED.az xəbər verir ki, parlamentin növbədənkənar iclası keçirilib və 3 fraksiya - Serj Sarkisyanın Respublika Partiyası, Qagik Tsarukyanın bloku və daşnaklar reqlament haqqında qanuna parlamentin buraxılmasını çətinləşdirən müddəa daxil ediblər. Əvvəlki prosedur imkan verirdi ki, xalq Paşinyanın istefasından sonrakı 2 həftə ərzində parlamentin toplaşıb yeni hökumət başçısı seçməsini əngəlləsin və beləliklə, parlament avtomatik buraxılsın. Yeni dəyişiklik bu yolu bağlayır və sədrə səlahiyyət verir ki, kənar təzyiq olacağı halda, parlamentin buraxılmasına aparan proseduru dayandırsın. Başqa sözlə, bu yenilik baş nazir Nikol Paşinyanın səlahiyyətlərinini azaldılması deməkdir.
Bundan sonra Yerevan sakinləri parlament binasının girişini bağlayaraq millət vəkillərinin binadan çıxışına əngəl olublar. Etirazçıları buna səsləyən isə baş nazir Nikol Paşinyan olub.
O, etirazçılara binaya daxil olmamağı tapşırsa da, onlardan bəziləri binaya girməyə çalışıb. Binanın daxilinə hücum cəhdinin qarşısı millət vəkilləri tərəfindən alınıb.
Deputatlarla danışıqlar aparmaq üçün parlament binasına yollanan baş naziri Nikol Paşinyan “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyalarının nazir və qubernatorları işdən çıxarıldıqdan sonra istefa verəcəyini açıqlayıb.
“Nazir və qubernatorların işdən azad olunması qərarı de-yure qüvvəyə minəndə mən istefaya gedəcəyəm... Ancaq baş nazir vəzifəsini icra edəcəyəm”, - deyə Paşinyan bildirib. O əlavə edib ki, parlament yeni baş naziri seçməzsə, növbədənkənar parlament seçkiləri keçiriləcək. “Daşnaksütun” bəyan edib ki, artıq özü nazirlərini geri çağırmağa başlayıb.
Qeyd edək ki, Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanunu qəbul edib. Qanun ikinci dəfə baş nazirin seçilməsi zərurəti yarandıqda qanunverici orqanın buraxılmasına mane olmağı nəzərdə tutur.