Tehrana işgüzar səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 31-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Bu barədə FED.az-a Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini Məsud Pezeşkiana çatdırıb.
Baş nazir cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Məsud Pezeşkiana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətlər üzrə gələcək perspektivləri müzakirə edilib.