Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
FED.az xəbər verir ki, telefon söhbəti zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bu dövlət katibinin son 20 gündə Azərbaycan prezidentinə 3-cü telefon zəngidir. Bundan əvvəlki sentyabrın 6-da və 14-də baş tutan danışıqlarda Blinken rəsmi Bakını Qarabağdakı ermənilərlə birbaşa danışıqlara səsləmiş və hərbi əməliyytalardan çəkinməyə çağırmışdı.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, sentyabrın 26-da baş tutan danışıqda İlham Əliyev 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.
ABŞ tərəfinə bildirilib ki, hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesi və onların Azərbaycan ərazisindən çıxarılması işi həyata keçirilir.
Prezidentlə hər dəfə telefon danışığında Qarabağdakı ermənilərə qarşı hərbi əməliyyatlardan çəkinməyə çağıran dövlət katibinə xatırladılıb ki, əməliyyat başa çatandan sonra son beş gün ərzində bu ərazidə yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat malları müsadirə edilib.
Bu silah-sursat Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinə və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinə də nümayiş etdirilib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparılır.
Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi də dövlət başçısı tərəfindən qeyd olunub.
Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb.
Bu izahlardan sonrra ABŞ dövlət katibi Antoni Blinken yenə də yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 6-da baş tutan telefon danışığında
Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulamışdı.
Sentyabrın 20-də baş tutan danışıqda isə ABŞ Dövlət katibi yaranmış vəziyyətlə (Azərbaycanın antiterror əməliyyatı ərəfəsində) bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Amerika Birləşmiş Ştatları tərəfindən dəstəkləndiyini bildirib.