“Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb”.
Eləcə də bax: İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına - Müsahibəsi
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, biz özümüzü müdafiə etməli idik:
“Əgər biz bu dəfə etdiyimiz kimi cavab verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldım ki, mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır. Mülki insanlarımız arasında 54 yaralı var. Ermənilərin artilleriya hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Onlar bizim kəndlərə, insanlarımıza hücum edir, bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. Dünən onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər. Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4 il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır”.