Rəsmi Bakı Rusiyaya indiyədək görünməyən dərəcədə sərt formada xəbərdarlıq edib.
FED.az xəbər verir ki, əvvəlki açıqlamalardan fərqli olaraq Azərbaycan tərəfi rəsmi Moskvaya həm öz rəsmilərinin açıqlamalarını, həm də rus mətbuatının Azərbaycana qarşı davranışını göstərərək – qarşı tərəfə ciddi xəbərdarlıq edib.
Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Xankəndində İvan Azvazovskinin büstünün sökülməsi ilə bağlı ermənipərəst və həqiqətə uyğun olmayan, faktları təhrif edən açıqlama vermiş, bu faktı guya «Rusiyaya qarşı xoşagəlməz və qeyri-dost», eləcə də «rus mədəniyyətinə qarşı addım» adlandırmışdı.
Azərbaycan tərəfinin bu bəyanata cavabı özünü çox gözlətməyib, üstəlik əvvəlki açıqlamalardan qat-qat sərt olub.
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Şvıdkoyun Azərbaycanı “abidələrlə müharibədə”, rus mədəniyyətinin “ləğv etməkdə” ittiham etməsinə belə reaksiya verib:
«Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasiyasına qoşulur.
Erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub».
XİN nümayəndəsi bildirib ki, Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.
Amma məsələ bununla bitməyib, Azərbaycan tərəfi ümumiyyətlə Rusiya tərəfinə xatırladıb ki, iki ölkədə qarşı tərəfinin mədəniyyətinə münasibətlərdə böyük fərq var. Daha dəqiqi Azərbaycanda Rusiyə mədəniyyətinə böyük sayğı olduğu halda, Rusiya tərəfində bu münasibət ümumiyyətlə yoxdur. XİN rəsmisi xatırladıb ki, vəziyyət belə davam etsə, Bakı bu fərqi aradan qaldıra bilər:
«Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma, Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur».
XİN rəsmisi öz açıqlamasında Şvıdkoyun mədəniyyət abidələri ilə bağlı iikiüzlü davranışını ayrıca qeyd edib: «Cənab Şvıdkoy bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən, cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur».
Nəhayət, Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya tərəfinin tez-tez əl atdığı üsula – rus mətbuatının Qarabağdakı Azərbaycan şəhərlərini qəsdən erməni adları ilə adlandırılmasına ayrıca münasibət bildirərək qarşı tərəfə xəbərdarlıq edib.
Xatırladaq ki, Rusiyanın dövlət agentliyi olan TASS və sair mətbuat orqanları öz açıqlamalarında Azərbaycanın Xankəndi şəhərini «Stepanakert» adlandırmaqdan çəkinmirlər. XİN bu məsələyə sərt reaksiya verərək qarşı tərəfə ilk dəfə xəbərdarlıq edib:
«Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.
Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılıqlılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayış yerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnə bilər.
TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur».