Azərbaycan "Biznesə başlama" indikatoru üzrə dünyada ilk 20-yə daxil olub. 2019-cu ildə "Doing Business" hesabatında Azərbaycan biznesə başlamaq indeksində irəliləyərək 9-cu yerdə qərarlaşıb.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, buna sahibkarların işini rahatlaşdıran elektron xidmətlərin təqdim edilməsi və vergi siyasətinin onların xeyrinə dəyişilməsi səbəb olub. Artıq hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu sistemin tətbiqindən sonra qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərin sayı xeyli artıb.
Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə 69 sayda elektron xidmət, o cümlədən "Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması", "Elektron vergi hesab-fakturasının qəbulu" xidmətləri göstərilir. Eyni zamanda 2017-ci il aprelin 1-dən elektron qaimə-fakturanın tətbiqinə başlanılıb. Bundan başqa, yeni sahələrə investisiya qoyuluşları üçün güzəştlər, azadolma və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub.
Eləcə də bax: Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı qaytarılır
İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif sahəvi və ümumi xarakterli 129 güzəşt və azadolma mövcuddur. Əsas güzəştlər sənaye və texnologiyalar parklarının ərazisində yeni müəssisə qurmaq istəyən əcnəbi iş adamlarına verilib. Belə ki, Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, habelə Mingəçevir, Pirallahı və AMEA yüksək texnologiyalar parkları, həmçinin Neftçala və Masallı sənaye məhəllələrində kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələrində çalışacaq müəssisələr qeydiyyata alındıqları hesabat ilindən etibarən 7 il müddətinə gəlir, əmlak və torpaq vergilərindən azad ediliblər. Eyni zamanda, onlara idxalda da güzəştlər verilib.
Sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan şəxslər tərəfindən müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı da 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır. Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlayan subpodratçının həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi 2016-cı il mayın 1-dən 5 il müddətinə ƏDV-yə cəlb olunmur.
Qeyd edək ki, son illərdə Azərbaycanda iqtisadi inkişafın fərqli sahələrinə investisiya yatıran şəxslərə investisiya təşviqi sənədi verilir. Həmin sənədi alan hüquqi şəxslər və fərdi sahibkarların sənədi aldığı tarixdən 7 il müddətinə əldə etdikləri mənfəətinin 50 faizi gəlir (mənfəət) vergisinə cəlb olunmur. Paralel olaraq, bu şəxslər həmin fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, torpaqlara görə isə torpaq vergisindən azad ediliblər. İnvestisiya təşviqi sənədi almış hüquqi və fiziki şəxslərə müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı da 7 il müddətinə ƏDV və gömrük rüsumlarından azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyətlə əlaqədar gəlir (mənfəət), ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergidən azad ediliblər.
Bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Xarici investisiyaların qorunması ilə bağlı qanun qəbul edilib ki, bu da əcnəbi investorların hüquqlarının müdafiəsinə təminat verir. 1992-ci ildə qəbul edilmiş "Xarici investisiyanın qorunması haqqında" Qanun ölkə iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlib. "İnvestisiya fəaliyyəti haqqında" Qanun isə 1995-ci ildən qüvvəyə minib. Sənədə əsasən, Azərbaycan dövləti investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinə, onun subyektlərinin hüquqlarının və qanuni mənafelərinin, həmçinin mülkiyyət formasından asılı olmayaraq bütün investisiyaların, o cümlədən xarici investisiyanın qorunmasına təminat verir. Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə investisiya fəaliyyətinə dair bağlanmış müqavilədə nəzərdə tutulmuş müddətdə investisiyanın qoyulduğu zaman qüvvədə olan qanunvericilik tətbiq edilir.