“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata (ILAC) assosativ üzv qəbul olunub.
FED.az xəbər verir ki, bunu bugün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinin müavini Niyazi Rəhimov deyib.
Onun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin İLAC-a assosativ üzv olması dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin dünya keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş laboratoriyalar tərəfindən verilən sınaq və kalibrləmə sənədlərinin beynəlxalq aləmdə tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.
Niyazi Rəhimov bildirib ki, beynəlxalq təşkilata assosativ üzvlük tam hüquqlu üzv istiqamətində son mərhələ sayılır. İSO 17011 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq tələblərə uyğunluğu qiymətləndirildikdən sonra Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatına (ILAC) tam hüquqlu üzvlüyü təmin ediləcək.
Qeyd edək ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən milli akkreditasiya orqanıdır. Həmçinin mərkəz beynəlxalq təcrübə və yerli qanunvericiliyə əsasən akkreditasiya olunmuş qurumların fəaliyyətinə nəzarət etməklə inspeksiya qiymətləndirməsi aparır.
Azərbaycan Akkreditasiya Mərkəzi beynəlxalq təşkilata üzv qəbul olunub

12:47
29 Mart 2018