Azərbaycanda azad iqtisadi zonaların yaradılması prosesi sürətlənib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun fəaliyyətini daha səmərəli edəcək.
Politoloq Aqil Məmmədovun sözlərinə görə, müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib halqalarından birini təşkil edir. Belə ki azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini həmdə coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da bir başa və dolayısı ilə valyuta daxil olmalarının artmasına, müasir texnologiyalara çıxış imkanına pozitiv təsir göstərir ki, son nəticədə milli iqtisadiyyat dayanıqlı inkişaf edir və dünya bazarına daha səmərəli inteqrasiya olunur. Belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizmdir.
Tarixə nəzər saldıqda məlum olur ki, xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onlarında qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın fəaliyyəti yalnız yerləşdiyi ölkənin ərazisinə deyil, qonşu ölkələrində iqtisadiyyatına müsbət impuls verməkdədir. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı. Bu gün, Free Trade Zone modelindən uğurla istifadə edən ölkələrdən biridə qardaş Türkiyədir. Türkiyə Ticarət Nazirliyinin rəsmi internet saytının verdiyi məlumata əsasən bu gün üçün qardaş ölkədə bu xüsusi statuslu iqtisadi zonanın ticarət dövriyyəsində payı 20 milyard dollardan artıqdır.
Bu uğur faktorlarını nəzərə aldıqdan, eyni zamanda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutların mərkəzində yerləşməsi Azad Ticarət Zonasının yaradılmasını iqtisadi baxımdan səmərəli edir. Ələtdə yaradılmasına başlanan azad ticarət zonası Avrasiya təchizat zəncirində aparıcı rol oynayacaq. Ələtdə xüsusi rejimli zonanın yaradılması imkan verəcək ki, həm Bakı Beynəlxalq Dəniz Ticarəti limanı öz potensialını tam realizə etsin eyni zamanda Azərbaycan həm Avropa həmdə Asiya bazarlarına xidmət göstərəcək haba çevrilsin.
Ələt qəsəbəsi həm beynəlxalq avtomobil və dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Buda imkan verir ki, Azad ticarət zonası həm əlavə dəyər yaradan, eyni zamanda beynəlxalq paylama məntəqəsi kimidə inkişaf etsin. Nəzərə alsaq ki, Azərbaycan böyük bazarlara ən yaxın məsafədə yerləşir. Bu da Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək. Bir sözlə azad iqtisadi zonaların yaradılması iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərində reallaşdırılmasına imkan verəcək. Daha dəqiq desək
- ticarət dövriyyəsi artacaq,
- investisiya və sərmayələrin yatırılması sürətlənəcək,
- Regionlarda məşğulluq güclənəcək, yeni iş yerləri açılacaq,
- milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.
- ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanları genişlənəcək.
- texniki mərkəzlərin, elmi araşdırmalar istehsala cəlb ediləcək.
Göstərilənlərlə yanaşı, azad iqtisadi zonanın inkişafı üçün vacib stimullaşdırıcı amillərdən biri də güzəşt sistemləridir. Hər bir investor istənilən kapital qoyuluşu etməzdən əvvəl onun sərəncamında olan güzəştləri və şəraiti diqqətlə öyrənir. Hər bir dövlət və ya onun bu və ya digər regionu azad iqtisadi zona yaradarkən öz güzəşt yığımlarını müəyyən edir. Bu zaman, təcrübə göstərir ki, azad iqtisadi zonalarda yaradılan güzəştlər sistemi kifayət qədər individualdır və həmin dövlətin və ya regionun ərazisində həyata keçirilən proqram və layihələrlə sıx bağlıdır. Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət, Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkətinin seçilməsi isə prosesin beynəlxalq təcrübənin ən mütərəqqi nümunələrinin tətbiqi ilə həyata keçirilməsinə imkan verir.
Ümumiyyətlə Strateji Yol Xəritəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutulur. Bu baxımdan Azad İqtisadi Zonanın yaradılması həm orta müddətli hədəfin reallaşdırılması eyni zamanda 2025-ci ildən sonrakı dövr üçün əsas hədəf olaraq müəyyənləşdirilən sosial rifah halının yaxşılaşdırılması və insane inkişaf indeksinin ən yüksək səviyyəyə çatdırılması hədəfinin reallaşdırılmasadan müsbət təsir edəcək.