Xəbər verdiyimiz kimi, İran hökuməti Tehranda qəzaya düşən Ukraynanın “Boeing 737-800” təyyarəsinin səhvən vurulduğunu bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı açıqlamaya görə, hadisə insan səhvi ucbatından baş verib.
“ABŞ böhranı zamanı insan səhvi fəlakətlə nəticələndi. Qəzada ölənlərin ailələrindən üzr istəyirik”, - deyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Eləcə də bax: Qəzaya uğrayan Ukrayna təyyarəsinin sərnişinlərindən - SAĞ QALAN OLMAYIB
FED.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, bu məqamda “The New York Times”, “The Guardian” kimi nəşrlər və bir çox nüfuzlu telekanallar iranlı fəal Nəriman Qəribə istinadən İran raketinin Ukrayna Hava Yollarına məxsus təyyarəni vurduğu iddia edilən görüntüləri yayıb.
Qərib də öz tvitter mikrobloqunda videoqeydi yerləşdirərək onu adını açıqlamadığı bir mənbədən əldə etdiyini bildirib.
“The New York Times” videonu yoxladığını, görüntülərin Tehran hava limanının yaxınlığındakı Parand əyalətində çəkildiyini qeyd edib. Elə həmin yerdə Ukraynaya məxsus “Boeing” təyyarəsi havaya qalxdıqdan sonra əlaqəni dayandırıb.
Nəşrin ehtimalına görə, raket təyyarəni vurduqdan sonra kiçik bir partlayış baş verib, lakin layner yerə düşməyib. “The New York Times” yanan təyyarənin hava limanına tərəf uçduğunu, sonra havada partlayaraq qəzaya düşdüyünü vurğulayıb.
Qeyd edək ki, daha öncə bır sıra dünya KİV-ində təyyarənin üzərində mərmi izlərinin olduğuna eyham vuran fotolar yayılıb.
Qeyd edək ki, Böyük Britaniya və Kanada Baş Nazirləri Ukrayna təyyarəsinin İran “yer-hava” raketi tərəfindən vurulması ilə bağlı iddialarla çıxış edib. Ukrayna Prezidenti Vladimir Zelenski də təyyarənin raketlə vurulduğunu istisna etməyib.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-I Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.