“Sovet hakimiyyəti dünyanı Rusiya imperiyası ərazisinə azadlıq və bərabərlik gətirdiyinə inandırmaq üçün Azərbaycanın ərazisində yaşayan bütün xalqların da sosial və milli azadlığını elan etmişdi. Qədim türk məmləkəti olan bu əraziyə müxtəlif vaxtlarda köçürülmüş milli azlıqlar arasında ermənilər faiz etibarilə çoxluq təşkil edirdi. Onların böyük əksəriyyəti Qarabağın dağlıq hissəsində və Qərbi Azərbaycanda yığcam şəkildə, azərbaycanlılarla qonşuluqda yaşayırdı”.
AMEA Tarix İnstitutunun şöbə müdiri, Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev bu açıqlamasının davamında bildirdi:
– Ölkəmizin şımalının 1920-ci ildə Rusiya tərəfindən yenidən işğalı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını daha da qüvvətləndirdi. Qərbi Azərbaycanda qurulmuş erməni dövlətində hakimiyyəti daşnaklardan qəbul etmiş “erməni kommunistləri”nin sovet Rusiyasının hərtərəfli yardımı ilə yeni türk torpaqlarına (Qarabağ, Zəngəzur, Naxçıvan və s. bölgələrə) yiyələnmək siyasəti xeyli fəallaşdı. Rusiya isə Ermənistanı da tutmaq və bu işi, habelə digər planlarını asanlıqla başa gətirmək məqsədilə Azərbaycan torpaqlarını ona “bağışlamağa” başladı.
Zəngəzurun bir hissəsinin Ermənistana verilməsində AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il noyabrın 30-da keçirələn birgə iclasının qəbul etdiyi qərarın böyük “xidməti” oldu. Qərarda bütövlükdə bölgənin Ermənistana birləşdirilməsi nəzərdə tutulsa da, 1921-ci ilin yayında qəzanın ermənilər üstünlük təşikil etdiyi ancaq qərb hissəsi burada yuva salmış Njdenin quldur dəstələri Qırmızı Ordu tərəfindən məğlub edildikdən sonra Ermənistana birləşdirildi. Zəngəzurun bir hissəsinin Ermənistana keçməsində Sovet Rusiyasının qüvvətli təzyiqi, Azərbaycan rəhbərliyində qeyri-milli qüvvələrin anti-Azərbarbaycan fəaliyyətləri başlıca rol oynadı.
Bununla yanaşı, dünya inqilabına, ifrat beynəlmiləlçilik ideyalara xidmət edən azərbaycanlı bolşevik rəhbərlərinin yanlış hərəkətləri Zəngəzurun bir hissəsinin itirilməsinin səbəblərindən sayıla bilər. Tezliklə bu addımın acı nəticələrini Nəriman Nərimanov özü də dərk və etiraf etmişdi. O, V.Leninə 1921-ci ildə göndərdiyi məktubunda yazırdı: “Əgər Azərbaycanın müsəlman kommunistlərinin əksəriyyəti…millətçilik əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru almazdı”. Nərimanovun Leninə digər bu məzmunlu məktubunda yenə də etiraf olunmuşdu: “Azərbaycan hətta siyasi mülahizələrə görə bunun mümkün olmadığı bir vaxtda belə Ermənistanın xeyrinə öz torpaqlarından imtina etmişdi”.
– Qarabağın dağlıq hissəsində erməni muxtariyyəti necə meydana gəlmişdi?
– Qarabağda qondarma erməni dövləti yaradılması ideyası rus işğalından əvvəlki dövrdən qaynaqlanır. Bu ərazini sovet Ermənistanına birləşdirmək ideyası baş tutmadıqda ermənilər orada müxtariyyət yaradılması avantürasını gerçəkləşdirmək uğrunda inadlı mübarizəyə başlamışdılar. 1920-ci il noyabrın 29-da Ermənistanın sovetləşməsindən sonra Azərbaycanla dövlətlərarası ərazi münaqişəsi faktiki olaraq daxili məsələyə çevrilmiş, danışıqlar isə RK (b) P MK Qafqaz bürosunun göstərişi və nəzarəti ilə aparılmışdı.
1920-ci il noyabrın 30-da Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə AK (b)P MK Siyasi və Təşkilat Bürosunun çağrılmış xüsusi birgə iclasında, Qarabağın Dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququnun verilməsi haqqında qərar qəbul olunmuşdu. Bu qərar N. Nərimanovun 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında söylədiyi nitqində də əksini tapmışdı. O, təsdiqləmişdi ki, Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir.
– 35 il əvvəl Xankəndidə start götürmüş separatçı”Miatsum” hərəkatı da Azərbaycana qarşı bu xəyanətkar qərarı hüquqi baza kimi əsas götürmüşdü.
– Əslində, Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə hüququnun verilməsi formulu əvvəldən çox qeyri-müəyyən idi. İstər 1920-ci il noyabrın 30-da AK(b)P MK-nın qərarından, istərsə də həmin il dekabrın 1-də Bakı Sovetinin iclasında Nərimanovun bəyanatından aydın deyildi ki, muxtariyyət əraziyə və ya etnik azlığa verilir.
Sonraki hadisələr onu göstərmişdi ki, N. Nərimanov Dağlıq Qarabağ haqqında verdiyi bəyanatla bu ərazinin Azərbaycandan ayırıb Ermənistana verilməsini nəzərdə tutmurdu. Heç şübhəsiz ki, həm 1920-ci il 30 noyabr tarixli qərar, həm də Nərimanovun 1 dekabr tarixli bəyanatı Moskva emissarlarının təzyiqləri şəraitində Azərbaycan hökumətinin İrəvanda hakimiyyətə yenicə gəlmiş erməni kommunistlərini mənəvi və siyasi baxımdan dəstəkləməyə, onların öz opponentlərinə “proletar həmrəyliyi” şəraitində, mübahisəli ərazilər məsələlərini necə həll olunduğunu nümayiş etdirmək məqsədilə atılan məcburi addım idi. Amma, istənilən halda, Azərbaycan rəhbərliyinin bu addımları Bakının Dağlıq Qarabağa muxtariyyətin verilməsinə hazır olduğunu Ermənistana nümayiş etdirmişdi.
1921-ci il iyulun 5-də RK(b)P MK Qafqaz bürosu RK(b)P MK tam tərkibdə toplaşaraq, üç nəfər bitərəf qalmaqla qərara almışdı: “Müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini, Yuxarı və Aşağı Qarabağın iqtisadi əlaqələrini, onun Azərbaycanla daimi əlaqəsini əsas tutaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlansın, onun tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəzi olmaqla geniş vilayət muxtariyyəti verilsin.
– Cənubi Qafqazın sovetləşməsi və respublikaların Zaqafqaziya Federasiyasının çərçivəsində birləşməsi nəticəsində onların inzibati sərhədlərinin ilk növbədə bölgənin iqtisadi problemlərinin həllinə uyğunlaşdırılması Azərbaycanın yeni ərazilərinin itirilməsi ilə nəticələnmişdi.
– 1922-ci il avqustun 22-də Ermənistan SSR, Gürcüstan SSR və Azərbaycan SSR fövqəladə komissiyaları Zaqafqaziya fövqəladə komissiyasının sədrinin imzası ilə aldıqları əmrə əsasən 24 saat ərzində sərhəd zastavalarını, mühafizə və nəzarət məntəqələrini ləğv etməli idilər. Həmin əmrdə qeyd olunurdu ki, bundan sonra ancaq Türkiyə və İran ilə olan sərhədlər dövlət sərhədləri hesab olunur. Üç Cənubi Qafqaz respublikaları arasında sərhədlər isə inzibati sərhədlərə çevrilmişdi.
Sərhəd maneələrinin aradan qaldırılmasından sonra Cənubi Qafqazın üç respublikasının qəzaları arasında yaranan sərhəd mübahisələri əsasən otlaq sahələrindən, su mənbələrindən istifadə hüququ ətrafında gedirdi. 20-cı illərin sonuna qədər ən kəskin sərhəd mübahisələri bir tərəfdən Azərbaycan SSR-in Qazax, Kürdüstan, Cəbrayıl qəzaları, digər tərəfdən Ermənistan SSR-in Yeni Bəyazid, Dilican və Dərələyəz qəzaları arasında baş vermişdi. Azərbaycan SSR-in Qazax qəzası ilə Ermənistan SSR-in Dilican qəzası arasında ən kəskin mübahisə Şınıx-Ayrum meşələri ətrafında gedirdi. ZaqMİK-in 1929-ci il 18 fevral tarixli qərarı ilə Ermənistan SSR-in Dilican qəzasına sahəsi 4 min desyatin olan Azərbaycan SSR-in Qazax qəzasının Şınıx-Ayrum rayonu verilirdi. Kompensasiya kimi Dilican qəzasının Başkənd kəndi (3 min 485 min desyatin ) bir şərtlə Qazax qəzasına verilirdi.
Azərbaycan SSR-in Qazax qəzasının digər torpaq sahələri üzrə də ərazi mübahisələri əksər hallarda Ermənistan SSR-in Dilican qəzasının xeyrinə həll olunurdu. Ümumiyyətlə, Azərbaycanla qonşu respublikalar arasında sərhəd mübahisələri haqqında Torpaq komissiyasının 1928-ci il tarixli məruzəsindən görünür ki, Azərbaycan SSR-in təkcə Qazax qəzasından Ermənistan SSR-ə 75 min 904 min desyatin yararlı və 79 min 208 min desyatin yararsız torpaq sahəsi verilmişdi. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirmişdi.
1929-cu il fevralın 18-də Zaqafqaziya MİK Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri Ermənistan SSR-ə verilmişdi. Naxçıvan ilə Ermənistan arasında sərhədlər 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmişdi. Lakin ZaqMİK-ın 18 fevral 1929-ci il tarixli qərarı ilə Türkiyənin razılığı və heç bir əsas olmadan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının sərhədləri dəyişdirilmişdi. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5 min 988 kvadrat kilometr müəyyən edilmişdi.
1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvana məxsus ərazilərin bir hissəsi, o cümlədən Şərur qəzasının Qurdbulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Ağxaç, Aqbin, Almalı, Dağalmalı, İqtıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qərçivan sovetliyinə daxil olan Mehri, Buğaker yaşayış məntəqələri, habelə Kilit kəndinin bir hissəsi Ermənistana verilmişdi. (Xalq qəzeti)