Türkiyədə seçkilər başa çatdı. Bəs seçkinin nəticəsi Erdoğana hansı əlavə səlahiyyətlər verir? FED.az xəbər verir ki, yaxın vaxtlarda ölkənin siyasi idarəetmə sistemində ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir. Dəyişikliklər keçən il keçirilən gərgin referenumda 51% səs çoxluğu ilə qəbul olunub.
FED.az BBC-yə istinadən xəbər verir ki, dəyişikliklər bunları əhatə edir:
- Nazirlər və vitse-prezidentlər daxil olmaqla dövlət vəzifəlilərini birbaşa təyin etmək
- Ölkənin hüquq sisteminə müdaxilə ixtiyarı
- Ölkədə fövqəladə hal elan etmək ixtiyarı
Baş nazir vəzifəsi də ortadan qaldırılır.
Tənqidçilər deyir ki, bu, bir çox gücün bir insanın əlində cəmləşməsinə gətirib çıxaracaq, çünki Türkiyənin yeni sistemi Fransa və ABŞ prezidentlərinin yoxlanış və balans sistemi kimi güclü deyil.
Cənab Erdoğan artmış avtoritarlığının ona Türkiyənin iqtisadi çətinliklərini həll etmək və ölkənin cənub-şərqindəki kürd üsyançılarını məğlub etmək imkanları verəcəyini bildirir.
Qələbə nitqində cənab Erdoğan Türkiyənin terrorçuluqla daha qətiyyətli mübarizə aparacağını və qaçqınların evlərinə qayıda bilməsi üçün "Suriya torpaqlarını azad etməyə" davam edəcəyini bildirib.
Türkiyədə kimin hakimiyyətdə olmasının əhəmiyyəti varmı?
Recep Tayyip Erdoğan 2014-cü ildə prezident seçilənə qədər 11 il baş nazir vəzifəsini tutub. Yeni konstitusiyaya görə, o, 2023-cü ildə bitəcək ikinci dönəmindən sonra üçüncü dönəm üçün də mübarizə apara bilər, yəni, potensial olaraq hakimiyyətini 2028-ci ilə qədər saxlaya bilər.
Türkiyə parlamentində kimlər "yer qazandı"?
Cənab Erdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyət ittifaqının 600 yerlik parlamentdə səs çoxluğu ilə üstünlüyü əldə etdiyini deyib.
"Türkiyə bütün dünyaya demokratiya dərsi verib", - o deyib.
Dövlət xəbər agentliyi olan Anadolu parlament seçkilərinin nəticələrinin 99%-i sayıldığı zaman AKP-nin özünün 42%, ittifaq üzvü MHP-nin 11% səs topladığını bildirib. Ana müxalifət olan CHP isə 23% səs toplayıb.
Kürd seçiciləri məmnun edəcək nəticə isə kürd tərəfdarı olan HDP-nin parlamentə daxil ola bilmək üçün 10%-lik minimal həddini keçməsi olub. HPD 67 millət vəkili ilə parlamentdə ikinci ən böyük müxalifət fraksiyası olacaq.
Nəticələr bəlli olanda kürdlərin sıx məskunlaşdığı Diyarbəkir bölgəsində atəşfəşanlıq keçirilib.
Partiya lideri və prezidentliyə namizədi olan Selahettin Demirtaş-ın terror ittihamları ilə həbsxanada olmasına baxmayaraq, uğur əldə edib. Demirtaş ittihamları qətiyyətlə təkzib edir.
24 iyun bazar günü Türkiyə 13-cü prezidentini və 27-ci çağırış millət vəkillərini seçmək üçün seçkiyə gedib.
Anadolu Agentliyinin xəbərinə görə, səslərin 99 faizindən çoxu açıqlanıb.
Seçkilərin hələ rəsmi olmayan nəticələrinə görə, Recep Tayyip Erdoğan səslərin 52,5%-ni qazanaraq yenidən prezident seçilib.
Prezidentlik yarışında Erdoğanın rəqibi olan CHP-nin prezidentliyə namizədi Muharrem İnce səslərin 30,6%-nı yığıb.
Həbsdə olan prezidentliyə namizəd Selahettin Demirtaş 8,3, Meral Akşener 7,3, Temel Karamanoğlu 0,8 və Doğu Perinçek 0,2 % səs toplayıb.