Rusiya ordusu Ukraynanın Baxmut şəhərinin işğalını başa çatdırıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın özəl hərbi şirkətinin – «Vaqner ÇVK»nin rəhbəri Yevgeni Priqojin bildirib.
«Bu gün mayın 20-də saat 12-də Baxmut şəhəri ələ keçirilib»-deyə Priqojin bildirib. O elan edib ki, mayın 25-dən etibarən «Vaqner» qoşunları Baxmutdan çıxacaq və buradakı Rusiya ordusuna təhvil verəcək. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində mühüm strateji əhəmiyyətə mmalik olan Baxmut şəhəri uğrunda mübarizə 2022-ci ilin oktyabrından davam edirdi.
Rusiya tərəfi hərbi uğuru «Baxmutun azad edilməsi» kimi qələmə versə də, bu faktiki olaraq Rusiyanın Ukrayna şəhərini işğal etməsidir.
Bir qədər əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də Baxmutun itirilməsini təsdiqləyib. O şəhərdəki dağıntılara işarə edərək şəhərdən heç nə qalmadığını və bunun faciə olduğunu bildirib.
Rusiya prezidenti Vladimir Putin isə Rusiya hərbçilərini Baxmutun işğalı münasibətilə təbrik edib.