İstanbulda Ukrayna taxılı ilə bağlı imzalanan razılaşma təkcə Ukrayna deyil, Rusiya taxılının da dünya bazarlarına çıxarılmasını və satışını nəzərdə tutur.
FED.az xəbər verir kki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O bildirib ki, rəsmi Moskva taxıl danışıqları zamanı «Ukrayna və Rusiya taxılı ilə bağlı məsələlərin paket formasında tənzimlənməsinə» təkid edib. Bu bəyanatı sadə dilə çevirəndə Moskva təkid edib ki, razılaşmadan sonra dünya bazarına təkcə Ukrayna deyil, indiyədək sanksiyalar səbəbindən satışına qadağa qoyulan Rusiya taxılının da satışına icazə verilməlidir.
Nazir ümid etdiyini bildirib ki, BMT-nin baş katibi Antonio Quterriş "Rusiya taxılının ixracına mane olan sanksiyalarla bağlı məsələni həll edə biləcək".
Xatırladaq ki, iyulun 22-də İstanbulda Rusiya, Türkiyə və BMT ərzaq sazişi bağlayıblar. Həmin sazişə görə, Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrin satışan məhdudiyyətlər aradan qaldırılacaq, və Ukrayna taxılının ixracına dəstək veriləcək. Ukrayna bu sənədin özünə aid hissəsini Türkiyə və BMT ilə ayrıca imzalayıb.
Bu razılaşmadan sonra elan edilmişdi ki, bir problem çıxmasa, artıq 2 həftədən sonra Ukrayna taxılının Qara dənizlə ixracı başlayacaq.
Amma artıq dünən Rusiya tərəfi taxıl anbarlarının yerləşdiyi və taxılın ixracına hazırlıq gedən Odessa limanını «Kalibr» raketlərindən atəşə tutub.
Rusiya tərəfi elan edib ki, hədəf, limandakı hərbi gəmi və silah anbarıdır.