Kanada hüquqşünasları İran hakimiyyətinə qarşı kollektiv iddia qaldırıblar.
FED.az xəbər verir ki, iddiaya əsasən kanadalılar yanvarın əvvəlində Tehran yaxınlığında vurulan «Ukrayna Hava Yolları»na məxsus təyyarəyə və burada Kanada vətəndaşlarının həlak olmasına görə İrandan 1,5 milyard Kanada dolları və ya 1,1 milyard ABŞ dolları tələb edirlər.
Eləcə də bax: İran təyyarədə ölənlərin ailələrinə - 80 MİN DOLLAR TƏKLİF EDİB
Əsas iddiaçının adı açıqlanmır çünki onun ailəsinin İranda sıxışdırılmasını istəmirlər, deyə vəkillər bildirir. İddia üzrə cavabdehlər İranın ali dini lideri Əli Xameneyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərləridir.
İddiada göstərilib ki, təyyarənin raket atəşinə tutulması «şüurlu şəkildə və qəsdən törədilən terror aktı idi».
Xatırladaq ki, «Ukrayna Beynəlxalq Hava Yolları»na məxsus olan Boeing 737-800 təyyarəsi İran tərəfindən yanvarın 8-də səhvən vurulub. İran Hərbi Hava qüvvələri bu təyyarənin raket olduğunu zənn etmişdilər. Nəticədə 176 nəfər həlak olub, bunlardan 11-i Ukrayna vətəndaşı idi. İran tərəfi təyyarənin səhvən vurulduğunu etiraf edib və hadisə qurbanlarının hər biri üçün yaxınlarına 80 min dollar ödəməyi təklif edib. Ukayna tərəfi bundan imtina edib, prezident Zelenski bildirib ki, beynəlxalq məhkəmə yolu ilə daha böyük məbləğin ödənməsini tələb edəcək.