İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib.
FED.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
İran tərəfi bildirib ki, danışıqların ikinci mərhələsində iştirak etməməsi Vaşinqtonun həddindən artıq çox olan tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki daimi dəyişikliklər, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması sayılan davam edən dəniz blokadasından qaynaqlanır.
İran ABŞ ilə danışıqları yalnız Vaşinqton Hörmüz boğazında islam respublikasının limanlarının dəniz blokadasını ləğv etdikdən sonra davam etdirəcək. Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, son günlər ABŞ və İran arasında əlaqələr Pakistan vasitəsilə davam edib. Bu dialoqun bir hissəsi olaraq, hər iki tərəf İslamabadda üzbəüz danışıqlar zamanı qaldırılan məsələlərin müzakirəsinə davam edib. Agentliyin məlumatına görə, ABŞ İranın dəniz blokadasını davam etdirdiyi müddətdə İran hakimiyyəti birbaşa danışıqların bərpası niyyətində deyil.
Daha əvvəl Amerika mətbuatı və rəsmiləri gələn həftənin əvvəlində Pakistanda ABŞ-İran birbaşa danışıqlarının bərpasının mümkünlüyünü bildiriblər.













