İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin həyata keçirdiyi hücumların Hörmüz boğazının “kilidini daha da sıxdığını” bəyan edərək, zərbələrə qarşı ABŞ-ni peşman edəcək cavab veriləcəyini açıqlayıb.
FED.az xəbər verir ki, İranın rəsmi IRNA xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun yaydığı yazılı bəyanatı dərc edib.
Bəyanatda ABŞ ordusunun bir neçə saat əvvəl İranın cənubuna endirdiyi zərbələr nəticəsində, aralarında bəzi mülki ərazilərin də olduğu çoxsaylı nöqtələrin bombalandığı bildirilib.
“Bu hücumlar Hörmüz boğazının kilidini daha da sıxdı və döyüşçülərin Hörmüz boğazına müdaxilə edən xarici qüvvələri zərərsizləşdirmək əzmini daha da gücləndirdi”, – deyə bəyanatda qeyd olunub.
Həmçinin İran ordusunun ABŞ ordusuna məxsus 50-ci MQ-9 tipli pilotsuz uçuş aparatını vurduğu iddia edilib.
İran ordusunun cavab hücumlarının təfərrüatlarının daha sonra açıqlanacağı bildirilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl İrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun hədəflərinə qarşı hücumlara başladığını açıqlamışdı.
CENTCOM-un 1 sentyabr 2026-cı il tarixli rəsmi açıqlamasına görə, ABŞ qüvvələri İran ərazisində hava hücumundan müdafiə sistemlərini, radarları, dəniz vasitələrini, mina yerləşdirmə imkanlarını və rabitə obyektlərini hədəfə alıb.
Qeyd edək ki, gərginliyin artması ilə əlaqədar olaraq neft bahalaaşır. Bakı vaxtı ilə 08:55-də Brent nefti 0,7% bahalaşma ilə 95,32 dollara ticarət olunub.
Tramp: İran cavab zərbəsi endirsə, yenidən vurulacaq
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə genişmiqyaslı hücumların həyata keçirildiyini açıqlayıb və İranın cavab verməsi halında daha ağır zərbələrin endiriləcəyi ilə hədələyib.












