Rəcəp Tayyip Ərdoğan Türkiyə prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, İyulun 10-da baş tutacaq səfər haqqında məlumat Türkiyə prezidentinin saytında qeyd olunub.
Xəbərdə Erdoğanın Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətləri ilə birgə görüşəcəkləri bildirilib.
İyulun 9-da prezident Ərdoğan Ankarada Türkiyə Böyük Millət Məclisində and içib və bundan sonra yeni hökümətin tərkibini elan edib.
BBC News Türkçe xəbər verir ki, Rəcəp Tayyip Ərdoğanın andiçmə mərasiminə qatılan 22 ölkə rəhbəri arasında Avropadan yalnız Bolqarıstan prezidenti olub.
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ən böyük xarici dəstəyi verən İngiltərə də andiçmə mərasiminə nazir göndərməyib.
24 iyun bazar günü Türkiyə 13-cü prezidentini və 27-ci çağırış millət vəkillərini seçmək üçün seçkiyə gedib.
Seçkilərin nəticələrinə görə, Rəcəp Tayyip Ərdoğan səslərin 53%-ni qazanaraq yenidən prezident seçilib.
Beləliklə, Ərdoğan bu seçkilərdən sonra Türkiyədə hakimiyyət quruluşu dəyişməsiylə seçilən ilk prezident olub.
Prezidentlik yarışında Ərdoğanın rəqibi olan CHP-nin prezidentliyə namizədi Muharrem İnce səslərin 30%-nı yığıb.
BBC Azərbaycan