Rusiya tərəfindən işğala məruz qalmış Ukraynaya verilən Qərb ölkələrinin hərbi texnikası artıq müharibənin gedişini dəyişməyə başlayıb.
FED.az xəbər verir ki, artıq Ukrayna rəsmiləri hərbi əməliyyatların gedişində dönüş yaradıldığını bildirirlər.
Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov bildirib ki, Ukraynaya verilən Qərb silahları sayəsində münaqişənin gedişində dəyişiklik var.
Onun sözlərinə görə, Ukraynaya ötürülən Qərb silahlarının dəqiqliyi Rusiya ordusunun Ukrayna qarşısındakı sayca üstünlüyünü heçə endirib. «Özü də hələ biz başlamamışıq» - deyə Danilov bir neçə gün əvvəl Rusiya prezidenti Putinin çıxışına («Biz hələ heç nəyə başlamamışıq»-deyə Putin bildirmişdi) eyni formada cavab verib.
Söhbət ABŞ-ın Ukrayna ordusuna təqdim etdiyi reaktiv yaylım atəşi sistemləri HIMARS sistemlərindən gedir.
Ekspertlər bildirir ki, HIMARS sistemlərinin uzuqvurma qabiliyyəti və dəqiqliyi Rusiya ordusunun indiyədək Ukraynada malik olduğu üstünlükləri heçə endirmək imkanındadır.
Son günlər bu sistem vasitəsilə endirilən zərbələr Rusiya ordusunun və onların müdafiə etdiyi separatçıların ən vacib hərbi obyektlərini və ordunun istifadə etdiyi infrastrukturu məhv etməkdədir. İyunun sonundan bəri - son 2 həftə ərzində Rusiya və separatçıların böyük dağıntılar barədə açıqlamaları kəsilmir.
ABŞ tərəfi Ukraynaya bu HİMARS sistemlərinin veriləcəyini iyunun 1-də elan edib və indiyədək Ukrayna tərəfinə 8 HIMARS sistemi verib. Ötən həftə isə ABŞ hökuməti Ukraynaya 400 milyon dollarlıq hərbi yardım paketi verəcəyini açıqlayıb, bura daha 4 HİMARS sistemi də daxildir. Ukraynada belə sistemlərin sayı 12-yə çatacaq.
İlk baxışdan Ukrayna və Rusiya kimi dövlətlər arasında müharibədə, uzunluğu 100-lərlə kilometr olan cəbhə xətti olduğu vəziyyətdə cəmi 12 ədəd raket sistemi sayca kiçik görünə bilər, amma ötən bir neçə gün ərzində bu sistemlərinin imkanları və qarşı tərəfə verdiyi zərər artıq ciddi miqyaslar almaqdadır.
«HIMARS sistemləri ukraynalılara bu münaqişədə daha byöük imknalar yaradacaq. ABŞ-ın Ukraynaya əvvəlcə verdiyi haubitsa topları cəmi 30 kilometri vurur, HIMARS-ların atəş uzaqlığı isə azı 2 dəfə artıqdır. Bu onlara imkan verəcək ki, hətta az sayda atəş qurğuları ilə Rusiya tərəfinə böyük zərər vursunlar» - deyə ABŞ müdafiə nazirinin müavini Kolin Kal Pentaqondakı mətbuat konfransında bildirib. Ukrayna prezidenti Zelenski bu sistemlərin ötürülməsinə görə ABŞ-a təşəkkür edib, sistemlər isə özünü ən yaxşı formada doğruldub.
Ukrayna cəbhənin dərinliklərində Rusiya obyektlərini «biçir»
Son həftələr Rusiyanın işğal etdiyi Ukrayna əraziərindəki silah anbarları bir-birinin ardınca məhv edilməyə başlayıb. İlk baxışdan müharibədə bu adi haldır, amma məsələ ondadır ki, həmin anbarlar cəbhənin dərinliyində – cəbhə xəttindən 15-20, bəzən hətta 50-75 kilometr məsafədə yerləşir, hansı ki, indiyədək Ukrayna ordusu üçün əlçatan deyildi. Buna qədər Ukrayna tərəfi yalnız cəbhə xəttinin yaxınlığındakı anbarları partlada bilirdilər. Amma artilleriya sahəsindəki böyük üstünlüyü olan Rusiya belə «xırda» məsələlərə diqqət yetirmirdi. Sayca böyük üstünlüyə malik olan Rus ordusu çətinliklə olsa da irəliləyə və Ukrayna şəhərlərini işğal etməyə davam edirdi.
İndi vəziyyət ciddiləşib – Ukraynanın ABŞ-dan aldığı HIMARS sistemləri sayca az olsa da, Rusiyanın elə obyektlərini vurur ki, bu Rusiya ordusunun təminatına və hərəkətinə ciddi problemlər yaradır.
Məsələ bundadır ki, Rusiya ordusu özünün əsas silah və ləvazimat anbarlarını cəbhə xəttindən 40-50 kilometr uzaqda saxlayır, əvvəllər bu məsafə obyektlərin təhlükəsizliyi üçün kifayət edirdi. İndi isə yeni HİMARS sistemləri üçün bu obyektlər asan hədəfdir. Son günlər baş verənlər göstərir ki, HİMARS-lar Rusiyanın cəbhə xəttindəki 40-50, hətta 65-75 kilometrlik hədəflərini – əsasən də silah anbarlarını asanlıqla məhv edirlər.
İyulun 3-də Melitopolda cəbhə xəttindən 65-745 kilometr məsafədə silah və yanacaq bazası vurulub. İyulun 4-də Donetsk vilayətinin Snejniy şəhərində yerləşən silah anbarı məhv edilib – bura cəbhə xəttindən 70 kilometr məsafədə idi.
İyulun 5-də oxşar hadisə Donetskdə Kamaz-Senter-də– cəbhə xəttindən 35-40 kilometr məsafədə baş verib – silah anbarı partladılıb.
Eyni qayda ilə Rusiyanın işğal edilmiş ərazilərdəki silah anbarları, yanacaq bazaları, dəmiryol stansiyaları, körpülər və sair infrastruktur dağıdılır. Nəticədə ordunun təminatında ciddi çətinliklər yaranıb.
Dünən, iyulun 11-də isə bu sistemlər vasitəsilə Xerson vilayətinin Novaya Kaxovka şəhəri vurulub, burada Kaxov Su Elektrik Stansiyası və Dnepr çayının suyunu Krıma ötürən Severokrımsk kanalı yerləşir.
Ümumilikdə 14 gün ərzində bu sistemlər vasitəsilə Rusiyanın 14 vacib hədəfi vuruub.
Ekspertlər bildirir ki, bu vəziyyət rus hərbçiləri üçün ciddi psixoloji zərbədir, onlar artıq Ukrayna ərazisində heç bir yerdə özlərini təhlükəsizlikdə saya bilmirlər. Üstəlik, rus texnikasının sayca üstünlüyünü heçə endirir. «Atmağa mərmi yoxdursa, texnikanın çoxluğunun nə əhəmiyyəti var» –deyə Ukraynalı hərbi ekspert Pyotr Pyatakov bildirib.
HIMARS sistemlərinin Ukrayna üçün yaratdığı üstünlüklərin əsas səbəbi onun dəqiqliyidir. Məsələ bundadır ki, Rusiya tərəfi hər gün müharibədə təqribən 20 min raket və ya mərmi sərf edir. Ukraynada isə bu rəqəm 6 mindir. HİMARS-lar isə bir neçə mərmi ilə «işlərini bitirirlər». Sistemlər o qədər dəqiqdir ki, birinci raketin binada açdığı deşikdən ikinci raket binanın daxilinə keçə bilir.
Tərif yağdırılan «S-400»lər HİMARS-ların qarşısını ala bilmir
HİMARS-ların Rusiya tərəfi üçün yaratdığı digər problem – indiyədək bütün dünyaya ən keyfiyyətli hava müdafiə sistemi kimi təqdim olunan S-400-lərin bu silahların qarşısını ala bilməməsidir. Məsələ ondadır ki Rusiyanın işğal etdiyi ərazilərdə S-400-lər quraşdırılıb, amma onlar HİMARS-ların zərbələrinin qarşısını nəinki ala bilməyib, hətta S-400-lərin özü də vurulub.
HIMARS sistemləri nədir?
HIMARS (High Mobility Artillery Rocket System) — ABŞ istehsalı olan reaktiv yaylım atəşi sistemidir, təkərli şassidə hərəkət edir. Bu – çox müasir silahdır: ABŞ onu 90-cı illərin ortalarında hazırlayıb, ABŞ ordusunda 2005-ci ildən istifadə edilir, ilk dəfə hərbi əməliyyatlarda 2007-ciildə İraqda istifadə edilib. Müqayisə üçün bildirək ki, Rusiyanın bu müharibədə müxtəlif adlarla istifadə etdiyi raketlərin əksəriyyəti 70-80-ci illərdən ordunun istifadəsindədir.
HIMARS sistemi Rusiyanın eyni silahları – «Uraqan» və «Smerç» sistemləri üzərində böyük üstünlüklərə malikdir.
Əsas üstünlük ABŞ silahının müasir olması, rus analoqlarını 10 illiklərlə qabaqlamasıdır. Məsələn, «Uraqan» və «Smerç» sistemlərində optik nişangahlardan istifadə edilir, əsgərlər bu sistemləri atəşə əllə hazırlamalıdırlar, və buna əlavə 10-12 dəqiqə vaxit sərf edilir. Nişangahların köhnə olması isə dəqiqliyin azalması deməkdir. Məsələn, «Smerç» 12 raket atanda, burada dairəvi mümkün yayınma məsafəsi 170 metrdir. Yəni atılan 12 raketdən yalnız 6-sı hədəfdən 170 metrdən az məsafəyə düşə bilər, qalan silahlar daha uzağa düşür. HIMARS-da isə bu məsafə cəmi 5 metrdir, çünki onlar GPS-yönəltmə sistemini istifadə edir.
Başqa mühüm məqam yeni mərmilərin yüklənməsidir. «Smerç»lərdə bu 40 dəqiqə - 1 saat vaxt aparır, HIMARS-da buna 10 dəqiqə vaxt sərf edilir. Sistem atəş açana qədər yük maşını mərmilər olan yeni modelu gətirir və o sistemə yüklənir.
HIMARS sisteminin göstəriciləri
• Çəkisi— 11 000 kq
• Sürət — 85 km/ç
• Yürüş ehtiyatı 480 km
• Əsas silahı — MLRS tipli 6 raket və ya 1 ATACMI tipli 1 takstiki raket
• Uzunluğu — 7 m, eni — 2,4 m, hündürlüyü— 3,2 m
• Ekipaj — 3 nəfər
• Kalibr — 227 mm
• Dəqiqətə atış sayı- 1,2,3 və ya 6 raket
• Atəş məsafəsi – 2-300 kilometr (Ukraynaya hələ ən uzaq məsafəli raketlər verilməyib).
«Təsəvvür edin ki, «Jiquli» və «Mersedes»i müqayisə edirsiniz»-deyə ukraynalı ekspertlər Rusiyanın (keçmiş sovet) analoji sistemləri ilə HİMARS haqqında fikir yürüdürlər.
Təqribən eyni göstəricilərə malik olan 9 ədəd M-270 silahlarını isə Ukraynaya Britaniya, Norveç və Almaniya təqdim edəcək. Nəticədə yaxın vaxtlarda Ukrayna ordusunun sərəncamında 21 ədəd yüksək dəqiqliyə malik raket sistemi olacaq. Hazırda Ukraynada cəmi 8 belə sistemin olduğunu və onun Rusiya tərəfinə vurduğu zərbələri nəzərə alanda yeni silahlar münaqişənin gedişini daha şəkildə dəyişə biləcək.