Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.
Eləcə də bax: Azərbaycanda sahibkarlara yeni - GÜZƏŞTLİ KREDİT VERİLƏCƏK - ŞƏRTLƏR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Samir Hümbətov yeni qaydaları, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək biznes kreditlərinə dövlət zəmanəti və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini şərh edib.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.
Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, bununla da investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.
Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn, çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.
Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.
Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.
Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb və təsdiq edilmək üçün aidiyyəti üzrə təqdim olunub. Bu layihələrdə qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.
Belə ki, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən yeni veriləcək 500 milyon manat kredit portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-nin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək. Yeni mexanizmlərin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi, iqtisadiyyatın real sektorunun inkişafı və iqtisadi artımın dəstəklənməsinə öz müsbət təsirini göstərməklə yanaşı, girov yetərsizliyi olan sahibkarların investisiya layihələrinin icrasında əhəmiyyətli rol oynayacaq.
Qeyd edilən mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan elektron kredit platforması vasitəsilə həyata keçiriləcək. Hazırda elektron kredit platformasının hazırlanması işləri yekunlaşmaq üzrədir.
Nəzərdə tutulan daha bir yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 mlrd. manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdiriləcək. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunacaq. Bu məqsədlə 100 mln. manat vəsait nəzərdə tutulub. Bunun 50 mln. manatı dövlət büdcəsinin vəsait hesabına, 50 mln. manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların yükünü azaltmaqla yanaşı, kredit təşkilatlarının likvidliyinin təmin olunmasına müsbət təsir edəcək.
Ümumilikdə, qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına səbəb olacaq.