Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) ətraf mühitin idarə edilməsi və ekologiya sahəsində beynəlxalq kompleks problemlər kafedrasının yaradıcısı Ruslan Əliyev müsahibəsində Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətləri, yeni enerji texnologiyaların inkişafı sahəsində Azərbaycanın potensialı, Azərbaycanda BMT-nin İqlim dəyişiklikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi haqqında danışıb.
FED.az həmin müsahibəni təqdim edir:
– Ötən il ərzində Bakı ilə Moskva arasında iqtisadi-ticari əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?
– 2023-cü il “2018-2023-cü illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas inkişaf istiqamətləri üzrə Yol xəritəsi” ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi baxımından yekun il olub. Bu dövr ərzində Azərbaycan-Rusiya iqtisadi-ticari münasibətlərinin sabit dinamikası təmin edilib, iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ilə nisbətən iki dəfədən çox artıb və ötən il 4,3 milyard dolları ötüb.
Bundan başqa, 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ümumi yük daşımalarının həcmi 2017-ci ilə nisbətən 87 faiz, o cümlədən tranzit yüklərin həcmi demək olar ki, 4 dəfə artıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BND) üzrə yük daşımaları 2017-ci ilə nisbətən 44 faiz artıb.
– Siz MDBMİ-nin ətraf mühitin idarə edilməsi və ekologiya sahəsində beynəlxalq kompleks problemlər kafedrasının yaradıcısısınız. Bu il Azərbaycanda BMT-nin İqlim dəyişiklikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsini necə qiymətləndirirsiniz?
–Haqlısınız, 2010-cu ildə mənim təşəbbüsümlə MDBMİ-nin Elmi Şurası MDBMİ-nin rektoru Anatoli Torkunovun dəstəyi ilə ilk gündən son vaxtlara qədər rəhbərlik etdiyim Ətraf mühitin idarə edilməsi və ekologiya sahəsində beynəlxalq kompleks problemlər kafedrasının yaradılması haqqında qərar qəbul edib. O zaman bir çoxları xüsusən beynəlxalq siyasət və beynəlxalq münasibətlər kontekstində bu təşəbbüsü təəccüb və anlaşılmazlıqla qarşıladı. Lakin uzun illərdən sonra əmin olduq ki, ekoloji problemlər beynəlxalq gündəmdə əsas məsələlərdən birinə çevrilib.
Bunun parlaq sübutu 150-dən çox dövlət və hökumət başçılarının iştirakı ilə ötən il Dubayda keçirilmiş genişmiqyaslı BMT-nin İqlim dəyişiklikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 olub. Qeyd edilməlidir ki, son illərdə konfrans qazıntı yanacağı ixracatçıları olan, lakin “yaşıl” enerjiyə də fəal şəkildə sərmayə qoyan ölkələrdə keçirilir. Dünya ölkələrinin СОР29-un Bakıda keçirilməsi barədə yekdil qərarı Azərbaycanın iqlim dəyişikliklərinin qarşısının alınması sahədə fəaliyyətinə verilən yüksək qiymətdir.
– Azərbaycanın yeni enerji texnologiyalarının inkişafı sahəsində potensialını necə qiymətləndirərdiniz?
– Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biri əməliyyat dekarbonizasiya tədbirlərinin tətbiqi ilə "yaşıl" inkişafı və neft və qaz layihələrinin səriştəli icrasını özündə birləşdirən enerji keçidinin təmin edilməsinə balanslaşdırılmış yanaşmadır. Külək və günəş enerjisi sahəsində yeni irimiqyaslı layihələrin həyata keçirilməsi yüksək texnologiyalı enerji saxlama sistemlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Ümumilikdə, ölkədə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri sahəsində 7 GVt istehsal gücünün yaradılması planlaşdırılır, bu da Azərbaycana Avropaya “yaşıl” enerjinin aparıcı ixracatçılarından biri olmaq imkanı verəcək. Bu məqsədə nail olmaq üçün müvafiq ixracat infrastrukturu – “Black Sea Energy” Qara Dəniz sualtı kabelinin yaradılması üzrə işlər aparılır. Bu xətt Azərbaycanın ən böyük külək və günəş elektrik stansiyalarını Gürcüstan vasitəsilə Avropa ölkələrinin enerji sistemi ilə birləşdirəcək. Azərbaycanda həyata keçirilən neft-qaz layihələrinin karbon izinin azaldılması çərçivəsində karbontutma, onun istifadəsi və saxlanması, həmçinin hidrogen və ammonyak istehsalı üzrə layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev, enerji siyasətinin əsas prioritetləri qismində bərpa olunan enerjinin istehsalı və nəqlini qeyd edərək, 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Həmçinin Prezidentin “yaşıl” enerji zonası konsepsiyasına uyğun olaraq, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının inkişafı barədə qərarı dünyada yüksək qiymətləndirilir.
– Həqiqətən, hazırda enerji keçidi və iqlim dəyişiklikliyi mövzusu inanılmaz dərəcədə aktuallaşır …
– Bəli, məsələn, mənim üçün hazırda siyasi proseslərin formalaşdırılması nöqteyi-nəzərindən qlobal enerjidə transformasiya prosesləri mövzusu çox maraqlıdır. Enerji keçidi, davamlı inkişaf və qlobal iqlim gündəliyinin enerji siyasəti və diplomatiya ilə əlaqəsi nədir? Bu mövzular müxtəlif nöqteyi-nəzərdən “Qlobal iqtisadiyyatın dekarbonizasiyası XXI əsrdə enerji şirkətlərinin strategiyalarının əvəzlənməsi amili kimi”; “Müasir dünyada ekologiya”; “Enerji keçidi Xəzər regionu ölkələrinin davamlı enerji inkişafının amili kimi” və digər monoqrafiyalarımızda nəzərdən keçirilir. Hazırda mən “Xəzər regionu dövlətlərinin davamlı enerji inkişafı diplomatiyası” mövzusunda doktorluq dissertasiyası üzərində işi başa vururam.
– Elmi cəmiyyətin nümayəndəsi və ekspert kimi Sizə daha bir sualım var: Bakıdakı COP29-u necə görürsünüz?
– Fikrimcə, COP29-un Bakıda keçirilməsi iki məqsədə xidmət edir. Birincisi, Azərbaycanın timsalında konfrans iştirakçıları “yaşıl” enerjiyə tədrici keçidlə bağlı öz planlarını işləyib hazırlaya bilərlər. İkincisi, dünya bazarına neft-qaz resurslarının tədarükçüsü mövqeyindən çıxış edərək, daha mötədil və yumşaq enerji keçidinə səsləyərək, Azərbaycan dünyaya qazıntı yanacağından radikal imtina edilməsinin mümkün nəticələrini izah edə bilər. Prezident İlham Əliyev təbii qaz və bərpa olunan enerji mənbələri arasında sinerji yaratmaq ehtiyacını vurğulayır və onları vahid kompleks kimi qəbul etməyi təklif edir.
Beləliklə, COP29 konfransı ölkəmizin nailiyyətlərini nümayiş etdirmək üçün gözəl fürsət olacaq və Azərbaycanın dünyada nüfuzunun daha da möhkəmləndirilməsinə töhfə verəcək. (Azərtac)