Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev azərbaycanlıların müharibə edən ölkənin həyatında rolundan, göstərdikləri yardımlardan, o cümlədən müharibədən sonra Ukraynanın bərpasında iştirak etmək istəyindən danışıb.
FED.az biznes va maliyyə xəbərləri portalı "Report"a isrinadən müsahibəni təqdim edir.
- Uzun sürən müharibə fonunda Ukraynanın regionlarında azərbaycanlıların rolu hansı səviyyədədir?
- Dördüncü ildir ki, Rusiyanın Ukraynada apardığı müharibə davam edir. Hazırda Avropanın ən qanlı müharibəsi gedir. Rəsmi açıqlamalara görə, müharibə nəticəsində bir milyondan artıq insan öldürülüb və yaralanıb, 15 milyona yaxın insan məcburi köçkün düşüb və əsarət altında qalıb.
Bir trilyon dollardan artıq zərər vurulub. Qərbin və digər analitik mərkəzlərin hesablamaları həqiqəti əks etdirmir. Reallıq başqadır. Çünki daxili hesablamalara görə söhbət trilyonlarla ziyandan gedir.
Müharibə qurbanları arasında digər millətlərlə yanaşı, azərbaycanlılar da var, həyatını itirən və yaralanan soydaşlarımızın sayı mindən çoxdur. Yüz mindən artıq azərbaycanlının çəkdiyi maddi zərər milyardlarla dollardır, azərbaycanlı iş adamlarına vurulan ziyan yüz milyonlarla dollardır.
Azərbaycanlıların fəaliyyət göstərdiyi, lakin itirdikləri biznes sahələri böyük istehsal zavodları, iri şirkətlər, hotellər, restoranlar, kənd təsərrüfatı və digər sahələrdir.
Amma müharibənin azərbaycanlılara aidiyyəti tək bu deyil. Burada illərdir yaşayan soydaşlarımız, konqresimizin üzvləri ilk gündən etibarən təxliyə missiyasında və yardımlarda fəal iştirak ediblər. Kiyevdə biz də daxil olmaqla, diasporun İvano-Frankovsk, Odessa, Xarkov, Nikolayev, Lvov, Zakarpatiya, Çerniqov, Dnepropetrovsk, Sumı, Poltava, Çernovtsı, Çerkassı, Jitomir və digər vilayətlərdəki təşkilatları fəaldırlar. 120-dən çox avtomobil, 500-ə qədər müdafiə dronu, hər ay tibbi avadanlıqlar təchizatı, 100 konteyner ərzaq və sair azərbaycanlılar tərəfindən edilən yardımlar arasındadır.
Azərbaycanlılar bu missiyaya görə müxtəlif rəsmi dairələr və ictimai təşkilatlar tərəfindən təltiflərə layiq görülüblər. Azərbaycanlıların bu fəaliyyəti Ukraynada sülhün bərqərar olmasından sonra da davam edəcək. Xüsusilə Ukraynanın bərpa prosesində azərbaycanlılar fəal olacaq.
- Ukraynanın beynəlxalq münasibətlər fonunda yeni dəyişikliklərlə üz-üzə qaldığı bir zamanda burada yaşayan azərbaycanlıların əhval-ruhiyyəsi nə yerdədir?
- Ukrayna hazırda vaxtilə Azərbaycanın üzləşdiyi beynəlxalq ədalətsizliklə qarşılaşıb. Bu, təbii ki, burada yaşayan azərbaycanlılara da sirayət edir. Düşünürük ki, bütün əhali birləşməli və iqtisadi gücü hərbiyə yönəltməlidir. Yəni ölkə özünə güvənməlidir. Burada artıq Azərbaycan modelini tez-tez nümunə göstərirlər.
Dünyanın böyük dövlətlərinin səyinə baxmayaraq, müharibənin yaxın zamanda bitməsinə heç bir ümid yoxdur. Rusiyanın verdiyi ultimatumlar Ukrayna tərəfindən qəbuledilməzdir. Bu nə Ukrayna cəmiyyəti, nə də ölkə başçısı tərəfindən qəbul edilmir.
Təəssüf ki, həm Avropa dövlətləri, həm də ABŞ-də bəzi qüvvələr Ukraynaya yardımı bloklayır. Buna görə də ölkə öz yerli sənayesini inkişaf etdirir. Məsələn, 3 il bundan əvvəl bir dron belə istehsal etməyən Ukrayna hazırda ilə 2 milyon ədəd dron istehsal edir. Bu, digər sahələrdə də özünü göstərir. Bu müharibə Ukrayna ictimaiyyətini elə konsolidasiya etdi ki, burada yaşayan müxtəlif millətlər arasındakı baryer yox oldu, əvəzində isə yeni bir konsepsiya yarandı - ukraynalılar.
- Müharibədən sonrakı Ukraynada seçkilər gözlənilir. Ölkənin regional seçkilərində azərbaycanlıların, ümumiyyətlə etnik xalqların şansı real olaraq nə qədərdir?
- Demokratik prinsiplərə uyğun olaraq seçkilər vacibdir. Ancaq düşünürəm ki, hal-hazırkı şəraitdə seçkilər barədə danışmaq tezdir. Çünki ədalətli durum və münbit şərait yoxdur. Müharibə gedir. Əhalinin genişmiqyaslı miqrasiyasını, böyük bir hissəsinin müharibə iştirakçısı və döyüş gedən ərazilərdə olmasını nəzərə alsaq, həm seçki kampaniyasını keçirtmək, həm seçkiləri təşkil etmək mümkünsüzdür. Amma gələcəkdə, müharibədən sonra sözsüz ki, azərbaycanlılar da digər millətlər kimi tam hüquqlu şəkildə dövlətin qanunverici və icraedici strukturlarında daha da aktiv və effektli fəaliyyət göstərəcək.