Yaxın 3 il ərzində Azərbaycanda taxıl əkilən və örüş kimi istifadə olunan ərazilərdə pambıq əkilməsinə başlandı. Gömrük statistikasına görə, Azərbaycan buğda və ət idxalına pambıq ixracından əldə etdiyi valyutanın 3 qatı qədər xərcləyir.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub. 2018-ci ilin 11 ayı ilə müqayisədə 2019-cu ilin 11 ayında buğda idxalı dəyər ifadəsində 132 milyon 153 min dollar, miqdar ifadəsində isə 495 min 365 ton artıb. 2018-ci ilin 11 ayında Azərbaycana 187 milyon 540 min dollar dəyərində 992 min 353 ton buğda idxal edilmişdi.
Eləcə də bax: Azərbaycan buğda idxalını - ARTIRIB
2019-cu ilin 11 ayı ərzində Azərbaycana 71 milyon 662 min dollar dəyərində 46 298 ton ət idxal edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin 11 ayı ərzində ölkəmizə 63 milyon 651 min dollar dəyərində 43 261 ton ət idxal edilmişdi. Beləliklə, ət idxalı dəyər ifadəsində 8 milyon 11 min dollar və ya 12,6%, miqdar ifadəsində isə 3037 ton və ya 7% artıb.
Qısası cari ilin 11 ayında xaricdən buğda və ət alışı ölkəmizdən 391 milyon 355 min dollar valyutanın çıxmasına səbəb olub. Bəs pambıqdan nə qədər qazanmışıq?
2019-cu ilin 11 ayı ərzində Azərbaycandan 108 milyon 833 min dollar dəyərində 78 493 ton pambıq lifi, 27 milyon 306 min dollar dəyərində 11 541 ton pambıq iplik ixrac edilib. Bu iki məhsulun ixracından ölkəmizə cəmi 136 milyon 139 min dollar valyuta daxil olub. Bu, buğda və ət idxalına sərf edilmiş valyutanın məbləğindən 3 dəfəyə yaxın azdır.
İdxal və ixrac rəqəmləri düşündürücüdür. Pambıq əkdik ki qazanaq, amma buğda və ətdə idxaldan asılı vəziyyətə düşürük. Strateji məhsul olan buğdanı ikinci plana salmaq olmaz. Gələcəkdə Azərbaycana buğda satan ölkələrdə quraqlıq baş versə və onlar xaricə buğda satışını dayandırsalar çətin vəziyyətdə qala bilərik.
Pambıq istehsalının artması ölkədə tekstil sənayesinin inkişafında özünü göstərməlidir. Pambıqçılıqda əkin ərazilərinin genişləndirilməsi deyil, məhsuldarlığın artırılması vacibdir. Eyni zamanda, buğda da məhsuldarlığın artırılması və idxaldan asılılğın azaldılması lazımdır.
Marja