Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər.
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yerli islahatlar və bərabər rəqabət şəraiti ilə bağlı müzakirə və sorğuların nəticələrinə əsasən, ən effektiv üç dövlət qurumu Dövlət Vergi Xidməti, Dövlət Miqrasiya Xidməti və Dövlət Gömrük Komitəsi hesab olunur.
"Maraqlıdır ki, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi eyni zamanda fəaliyyəti çətin hesab edilən qurumlar sırasında da yer alır. Bu, araşdırma zamanı əldə etdiyimiz maraqlı nəticələrdən biridir.
Bu nəticə sözügedən qurumların səmərəli fəaliyyət göstərdiyini təsdiqləsə də, şirkətlər onlardan biznesə daha çox dəstək vermələrini gözləyirlər. Yəni bu qurumlar yalnız gəlir mənbəyi kimi deyil, həm də biznesin inkişafına töhfə verən tərəfdaşlar kimi çıxış etməlidirlər", – deyə o qeyd edib.
A.Axundova bildirib ki, ən effektiv elektron xidmətlər sırasında "ASAN İmza", "SİMA", "MyGov ID", notariat, miqrasiya və digər "ASAN xidmət" platformaları yer alıb. Nəticələr göstərir ki, istifadəçilər tərəfindən daha faydalı hesab edilən xidmətlər, əsasən, yaxşı tanınan və geniş istifadə olunan xidmətlərdir. Daha az tanınan elektron xidmətlərin isə ictimaiyyət arasında tanıdılması və görünürlüğünün artırılması vacibdir.
O, Avropa şirkətləri üçün bərabər rəqabət şəraitinin yaxşılaşdırılması məqsədilə müsahibə və sorğular zamanı bir neçə əsas məsələnin önə çıxdığını bildirib. Bunlara dövlət tenderlərində iştirak imkanlarının təmin edilməsi, investisiyaların qorunması və investorlarla dialoqun gücləndirilməsi, rəqabətin effektiv tənzimlənməsi və müvafiq qaydaların icrası, eləcə də kommersiya tərəfdaşlarına və müştərilərə çıxış imkanlarının genişləndirilməsi daxildir.
A.Axundovanın sözlərinə görə, hesabatda qarşıdakı dövr üçün bir sıra prioritet istiqamətlər də müəyyən edilib. Bunlar dövlət tenderləri üzrə qayda və prosedurların, vergi siyasəti və vergi inzibatçılığının, gömrük əməliyyatlarının təkmilləşdirilməsi, investorlarla bağlı məsələlərdə qanunun aliliyinin təmin edilməsidir.
Bununla yanaşı, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, təhsilin gücləndirilməsi və logistika sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi də diqqət yetirilməli olan istiqamətlər sırasındadır. (Report)














