Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.
"Biznes mühitinin ümumi qavrayışı da qənaətbəxş olub ki, bu da müsbət göstəricidir. Deyərdim ki, bu nəticələr ötən il əldə etdiyimiz nəticələrə müəyyən qədər bənzəyir, lakin bir qədər aşağıdır. Bunun səbəbi regiondakı geosiyasi vəziyyət ola bilər. Ötən il olduğu kimi, bu il də ən müsbət dinamika siyasi və sosial sabitlik sahəsində müşahidə olunub. Enerji resurslarının etibarlılığı və qiyməti də müsbət dinamika kimi qiymətləndirilib. Logistika, daşımalar və əlaqələrin səmərəliliyi də digər müsbət məqamlar arasında yer alıb", - o qeyd edib.
A.Axundova həmçinin vurğulayıb ki, Azərbaycanda şirkətlərin 52 %-i biznesini genişləndirməyi planlaşdırır: "Aşkar etdiyimiz və həllini vacib hesab etdiyimiz əsas çağırışlar Azərbaycanda peşə təhsili və təliminin keyfiyyəti, maliyyəyə çıxış, biznes etikası və ödəniş intizamı, yeni texnologiyalara çıxış, həmçinin elmi-tədqiqat və inkişaf sahələri ilə bağlıdır. Beləliklə, biznesin həllini ən vacib hesab etdiyi əsas problemlər bunlardır. İnvestisiya imkanlarına gəlincə, şirkətlərin 52 %-i fəaliyyətini genişləndirməyi, 25 %-i isə qarşıdakı illərdə mövcud vəziyyətini qorumağı planlaşdırır. Genişlənməyi planlaşdıran şirkətlərin payı ötən illə müqayisədə bir qədər azalıb. Bu azalma əsasən geosiyasi vəziyyətlə izah oluna bilər. Çünki ötən il ərzində ölkədəki əsas göstəricilərə təsir edən başlıca amillərdən biri məhz geosiyasi vəziyyət olub. Şirkətlər üçün ən cəlbedici üç amil isə kommersiya tərəfdaşlarına və müştərilərə çıxış, strateji tərəfdaşlıqların və alyansların qurulması, eləcə də daxili bazara çıxış imkanlarıdır". (report)














