Dövlət Miqrasiya Xidməti (VÖEN: 1700760271) Xidmət əməkdaşlarının xüsusi geyim dəstlərinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Katan Tekstil” MMC (VÖEN: 1505736871) olub. Tərəflər arasında 460 min manatlıq müqavilə imzalanıb.
Bildirək ki, “Katan Tekstil” MMC 2024 və 2025-ci illərdə də bu quruma geyimlər satıb. Belə ki, şirkətlə dövlət qurumu arasında 2025-ci ildə 460 min 199 manatlıq bir, 2024-cü ildə isə 430 min 959 manatlıq iki satınalma müqaviləsi imzalanıb.
Son üç ildə şirkət dövlət qurumuna 1 milyon 351 min 158 manatlıq geyim satıb.
Bundan başqa, “Katan Tekstil” MMC bu il “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə müəssisədaxili istifadə üçün zəruri təminat vasitələrinin satın alınması ilə bağlı 15 min 903 manatlıq müqavilə imzalayıb.
“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC isə şirkətdən ötən il 141 min 849 manatlıq, 2024-cü ildə 179 min 932 manatlıq xüsusi geyim satın alıb.
Qeyd edək ki, “Katan Tekstil” MMC 2021-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nağıyeva Nəzrin Zaman qızıdır. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Məhəllə 1222, ev.12 hüquqi ünvanında yerləşir.














