İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri bildirib ki, ABŞ ilə ciddi danışıqların başlaması üçün Vaşinqton Tehranın irəli sürdüyü yeddi şərti qəbul etməli və yerinə yetirməlidir.
FED.az xəbər verir ki, bu şərtlərə İranan dəniz blokadasının və İrana qoyulan sanksiyaların ləğvi, Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi, dondurulmuş aktivlərin azad edilməsi və müharibənin dayandırılması daxildir.
İran dövlət televiziyasına danışan Bakiri Tehran və Vaşinqton arasında danışıqlar prosesinin hazırkı vəziyyətini qiymətləndirib .
ABŞ-ın danışıqlardakı mövqeyindən danışan Bakiri bildirib ki, "Əgər ABŞ-ın danışıqlar aparmaq və ədalətli bir razılaşma əldə etmək üçün ciddi bir iradəsi varsa, irəli sürülən yeddi şərti qəbul etməli və həyata keçirməlidir".
Bakiri bildirib ki, şərtlər ABŞ-ın keçmiş siyasəti və danışıqlarda götürdüyü öhdəlikləri dəfələrlə pozması ilə müəyyən edilib.
Onun sözlərinə görə, ABŞ ötən yaz beş raund danışıqlardan sonra ikinci müharibəyə başlayıb və payızda diplomatik danışıqlar davam edərkən danışıqlar prinsiplərinə zidd addımlar atıb.
Bakiri həmçinin xatırladıb ki, məhz Vaşinqton administrasiyası qış aylarında danışıqlar davam edərkən İran lideri Əli Xameneiyə sui-qəsd planı hazırlayıb.
İran nümayəndəsi bildirib ki, ABŞ göstərilən şərtləri qəbul edib tətbiq edərsə, ciddi danışıqlar prosesinin başlanıb-başlanılmayacağı qiymətləndirilə bilər; əks halda, Vaşinqton öz siyasi maraqlarına uyğun olaraq müvəqqəti razılaşma əldə etməyi hədəfləyə bilər.
İran rəsmisi ABŞ-ın seçkilərdən sonra yenidən repressiv siyasətə və ya hərbi müdaxiləyə əl ata biləcəyi ehtimalına diqqət çəkib.
Tehran administrasiyasının Vaşinqtona çatdırdığı danışıqlar şərtləri arasında dəniz blokadasının qaldırılması və ticarət gəmilərinin və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün zəmanətlər var.
İran həmçinin birtərəfli sanksiyaların ləğvini, neft ixracına güzəştlərin edilməsini və dondurulmuş aktivlərinin azad edilməsini tələb edir.
Tehran administrasiyasının qoyduğu digər şərtlər nüvə materiallarının İran sərhədləri daxilində qalması və müharibənin bitməsidir.













