Maliyyə Nazirliyi bu il ilk dəfə "dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" ("İlkin büdcə bəyanatı") yayıb.
FED.az “Report”a istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsi istiqamətində növbəti addım olacaq sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.
Bununla da, nazirlik dövlət maliyyə idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addım atmaqla yanaşı, iqtisadçı-ekspertlərin uzun müddətdir ki, səsləndirdikləri təklifi də nəzərə alıb. "İlkin büdcə bəyanatı" hesabına Azərbaycan hökumətinin Açıq Büdcə İndeskindəki mövqeyinin daha da yaxşılaşacağı gözlənilir.