Azərbaycanın ən böyük biznes qruplarından olan «Azərsun Holdinq» MMC-in 2019-cu ildə gəlirləri 1 milyard manatı keçib, mənfəəti isə əvvəlki illə müqayisədə iki dəfə artıb.
FED.az Holdinqin illik hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri 1 milyard 3,7 milyon manat olub ki, bu da 2018-ci illə müqayisədə 37,5% artıqdır.
Satışların maya dəyəri isə 18% artaraq 762,8 milyon manat təşkil edib.
Nəticədə 2019-cu ildə «Azərsun»un məcmu mənfəəti 240 milyon 861,5 min manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 3 qat artıqdır (2018-də 83 milyon manat olmuşdu).
2019-ci ildə «Azərsun»un xərcləri də kəskin artıb. Belə ki satış vaə paylaşdırma xərcləri 5,4 dəfə artaraq 8 584 min manatdan, 46,7 milyon manata yüksəlib.
İnzibati və ümumi xərclər isə 2,45 dəfə artaraq 50,2 milyondan 124,4 milyon manata yüksəlib.
Nəticədə 2019-cu ilin sonunda vergidən əvvəl mənfəət 71 milyon 506 min manat olub. Bu əvvəlki ildən 2,2 dəfə artıqdır (32,9 milyon manat olmuşdu).
19,6 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 52 971,6 min manat olub. Bu əvvəlki ildən 2,4 dəfə artıqdır.
İl ərzində «Azərsun»un aktivləri 0,5% artaraq 708,8 milyon manat təşkil edib. Cəmi kapital isə 31% artaraq 355 461 min manat olub.
Şirkətin öhdəlikləri isə, əksinə, 19,6% azalaraq 342 milyon 333 min manat olub.